
Mərkəzi Bank sədrinin “yastıq altı” pullar sözlərini əhali qınayıb
Mərkəzi Bankın sədri Taleh Kazımov deyir ki, Azərbaycanda ”insanlar pullarını yastıq altında saxlayır”. Onun bu sözləri Azərbaycanın sosial media istifadəçilərində qəzəb yaradıb.
Sədr deyib ki, ölkədə banklara yatırılmamış nəğd pulun məbləği təqribən 17 milyard manatdır və əhali onu “yastıq altında” və ya biznes kassalarında saxlayır.
Mircəfər adlı bir istifadəçi yazır ki, “Yəqin bu, on milyardı hansısa məmur gizlindən filan edib atıb xalqın üstünə ki, güya xalqdadır. Xalqda pul qoymusuz ki qala? Gedin o pulu öz aranızda axtarın”.
Elşad adlı başqa biri yazır ki, “Dövlətə inam yoxdur, səbəb budur”.
Başqa bir istifadəçi yazır ki, “Siz nə danışırsız? Kimdə indi pul var ki, saxlamağa yer axtarsın. Qəpiyi üst-üstə qoyub çörək pulunu güclə düzəldirik”.
İsmayılov soyadlı sosial media istifadəçisi deyir ki, “Əhalidə o pul yoxdur. O pul nazirdə, icra başçısında, deputatda, iş adamlarında, idarə müdirlərində, hamısı vəzifəli adamlardadır. Əhalinin 80 faizi zar-zor yaşayır, hardadır o pul axı? Əhalinin üstünə yıxmayın bunu”.
“Bunlar bu qədər ac, bekardılar xalqın pulunu sayırlar? Nəyinizə lazım kimin nəyi var? Gözləri xalqın cibindədir”, – başqa bir sosial media istifadəçisi baş bankirin sözlərini qınayıb.
Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda banlara qoyulmamış nəğd pullar barədə dekabrın 9-da Kapital bazarları və bir şirkətin ilk dəfə öz səhmlərini ictimaiyyətə satışa çıxarması mövzusunda keçirilən tədbirdə danışıb.


