Bakı. Trend:
Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm
aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi
və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş
Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik
siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa
bağlıdır. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk
rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident
İlham Əliyevin səfəri iki ölkə arasında münasibətlərin yeni
mərhələyə qədəm qoyduğunu göstərir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin slovakiyalı
həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi
bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji
əməkdaşlığı genişləndirməkdə qərarlıdır:
“Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə
dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən
əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik
münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat,
enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.
Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə,
bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə
beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər.
Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim
hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının
Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə
həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə
naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir.
Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuata
bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə
Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyev söylədi ki, bu kimi jestlər bir daha onu
göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.
Deputat qeyd edib ki, Azərbaycan son illər enerji sahəsində
fəaliyyətini genişləndirərək həm bölgədə, həm də Avropada mühüm qaz
ixracatçısına çevrilib:
“Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb.
Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və
Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir.
Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər
arasında ön sırada dayanır. Hazırda Azərbaycan qazını alan
ölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard
kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının
8 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesi
inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı
daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm
də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyevin
Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan
müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və
öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir:
“Beləliklə, Bratislavadakı görüşlər, aparılan danışıqlar və
səslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafına
yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin
effektivliyini bir daha nümayiş etdirir. Hesab edirəm ki, bu
əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi,
enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin
açılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyata
keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan
beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq
şəbəkəsini genişləndirməyə davam edir”.


