Azərbaycan nümayəndə heyəti BMT Komissiyasının işçi qrupuna rəhbər seçilib

Baş səhifə

Bakı. Trend:

4-5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir.
Sözügedən səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və
Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının və Kamboca
Krallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.

Trend xəbər verir ki, bu
barədə “ASAN xidmət” məlumat yayıb.

Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və
Sosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən
Komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə
Komissiyanın “Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri”
adlı işçi qrupuna rəhbər seçilib.




Açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən “ASAN
xidmət” təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə
BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu
əməkdaşlıqdan söz açıb. Hazırda “ASAN xidmət” təcrübəsinin 30-dan
çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə
çatdırılıb.

Tədbirdə ABŞ-nin, Qazaxıstanın, Koreyanın, Kambocanın, Laosun,
Filippinin, Qırğız Respublikasının və digər ölkələrin müvafiq
sahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələri
iştirak ediblər.

Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.