Gürcüstan DİN başçısı: Tbilisidə etirazçılara qarşı zəhərli maddədən istifadə edilməyib

Baş səhifə

Tbilisidə etirazçılara qarşı kamit adlanan qadağan edilmiş kimyəvi maddənin tətbiq olunması ilə bağlı iddialar tamamilə absurd və yalandır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Geka Geladze jurnalistlərə açıqlamasında deyib.

Nazir rəhbərlik etdiyi qurumun kamit maddəsini heç vaxt tədarük etmədiyini bildirib.

“DİN etirazlar zamanı sağlamlıq üçün təhlükəli heç bir maddə istifadə etməyib. Müxtəlif etiraz aksiyalarının dağıdılması zamanı istifadə olunan bütün maddələr müxtəlif iri şirkətlərdən qanuni yolla alınıb”, – Geladze əlavə edib.

Qeyd edək ki, BBC telekanalı hazırladığı materialda ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında zəhərli kimyəvi maddələrdən istifadə olunduğunu iddia edib.