
Bakı. Trend:
Avropa Kosmik Agentliyi (AKA) tarixində ilk dəfə olaraq
büdcəsinin müəyyən hissəsini müdafiə məqsədli layihələrə yönəltməyi
planlaşdırır.
Trend xəbər verir
ki, agentliyin qəbul etdiyi qətnamədə “AKA-nın hökumətlərarası
mexanizminin müdafiə sahəsində layihələrin həyata keçirilməsi üçün
lazım olan səlahiyyət və maliyyəni təmin etdiyi” qeyd olunur.
İştirakçı ölkələr tərəfindən üçillik dövr üçün təsdiqlənmiş 22,1
milyard avroluq büdcə agentlik tarixində rekord göstərici sayılır.
2024-cü il üçün isə təxminən 17 milyard avroluq maliyyələşdirmə
nəzərdə tutulur.
“Politico”nun məlumatına görə, xərclər sırasında Yerin
müşahidəsi proqramına 3,4 milyard avro, “təhlükəsiz rabitə”
layihəsinə 2,1 milyard avro, Avropanın raket buraxılış
sistemlərinin inkişafına isə 900 milyon avro ayrılıb.
AKA büdcəsinə ən böyük töhfələr Almaniya, Fransa və İtaliya
tərəfindən verilib – onların payı müvafiq olaraq təxminən beş və üç
milyard avrodur.
Bundan əvvəl “Euractiv” xəbər vermişdi ki, agentlik üzv
ölkələrdən hərbi kəşfiyyat peykləri şəbəkəsinin yaradılması üçün
təxminən 1 milyard avro vəsait ayırmağı xahiş etməyi
planlaşdırırdı.
Qeyd edək ki, AKA-nın əvvəlki əsas proqramları – GPS-ə
alternativ “Galileo” naviqasiya sistemi və iqlim dəyişikliyinin
monitorinqinə xidmət edən “Kopernikus” layihəsi tamamilə mülki
məqsədlərə yönəlmişdi.


