
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif
Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin–Avropa Dəmir Yolu
Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda (“China–Europe
Express Railway Cooperation Forum”) iştirak edib.
Trend ADY-yə istinadən xəbər verir ki, bu forum Çin–Avropa
marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və
Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin
“Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə
platformalarından biridir.
Forumda çıxış edən Arif Ağayev Azərbaycanın Çini təkcə strateji
ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika
sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib. ADY
sədrinin müavini qeyd edib ki, infrastruktur və multimodal
layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin
möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların
şaxələndirilməsi və iştirakçı ölkələrin ixrac-idxal potensialının
artırılmasına mühüm töhfə verir.
Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çin Xalq
Respublikasının “Cosco”, “Huawei” və “CCCC” şirkətlərinin yüksək
səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq
perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün
atılacaq mümkün birgə tədbirləri müzakirə edib.
Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu
Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması,
yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika
sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru
nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub.
İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli
multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol”
layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.
Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin
təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması,
“yaşıl logistika” siyasətinin tətbiqi və s. istiqamətləri əhatə
edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək
keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.


