“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 18-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park
Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə
Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik”
kitabının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir
ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak
ediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə
Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu,
ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində
yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca
həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq,
öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından
formalaşdırmaq məqsədi daşıdığını deyib: “Bu kitabı hazırlamaqda
əsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı,
ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır.
Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsr
olunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillər
əsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlarda
oxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavrama
xüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Bir
yandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalan
edir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək”
rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformat
şəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur.
Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyət
bacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr,
sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənmə
prosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğu
kimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr,
həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilir
və öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamət
verilir”.

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətin
bəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığın
ifadəsi olduğunu bildirib. O, nəşri xaricdə yaşayan və böyüyən
azərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamını
ifadə edib.




Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor Zahid
Xəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Göyərçin” jurnalının
baş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi və
ev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlham
Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə
həsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirləri
xatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimi
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan
vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər,
yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu
məsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycan
dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu
istiqamətdə atılan addımlardan bəhs ediblər.

Natiqlər “Azərbaycan dilini öyrənirik” kitabını tədris vasitəsi
kimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdə
düşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalı
olacağına və bu cür layihələrin davamlı xarakter alacağına
inamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitaba
daxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsilə
səsləndirilib.