Bakı. Trend:
Almaniya kibertəhlükəsizlik mütəxəssislərinin ciddi çatışmazlığı
ilə üzləşir. “Strategy&” şirkətinin araşdırmasına görə, 2024-cü
ildə kiberhücumlar nəticəsində ölkəyə rekord 202,4 milyard avro
həcmində ziyan dəyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“PwC”nin qlobal biznes bölməsi olan “Strategy&” tərəfindən
aparılan araşdırmaya əsasən, ölkədə artan hücumların qarşısını
almaq üçün kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi yoxdur və
bu, rekord səviyyədə iqtisadi itkilərə səbəb olub.
Sorğuda iştirak edən qurumların 10-dan 9-u mütəxəssis
çatışmazlığı ilə üzləşdiklərini qeyd edib.
“Təkcə ötən il Almaniyanın Hava Nəqliyyatına Nəzarət Xidməti,
Federal Statistika İdarəsi və Şərqi Avropa Araşdırmaları Cəmiyyəti
xaricdən edilən kiberhücumların hədəfinə çevrilib,” – deyə
“Strategy&” şirkətinin tərəfdaşı və araşdırmanın müəllifi Lukas
Si bildirib.
“Əgər Almaniyanın rəqəmsal dayanıqlığını təmin etmək
istəyiriksə, indi hərəkətə keçməli və bütün imkanlardan istifadə
etməliyik”, – məlumatda əlavə olunub.

