ABŞ-də kimya zavodu partlayıb: sakinlər təxliyə olunur

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatında fəaliyyət göstərən, hidrogen və azot
məhsulları istehsal edən müəssisədə baş verən partlayış ammonyak
sızmasına səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən
yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Missisipi qubernatoru Teyt Rivs sosial platforma “X”də
paylaşımında yazıb ki, ştatın müxtəlif bölgələrindən fövqəladə
hallar xidmətlərinin əməkdaşları Yazu şəhərinin şimalında yerləşən
“CF Industries” zavodunun ərazisinə səfərbər olunublar.




Onun sözlərinə görə, partlayış nəticəsində ölüm və ya yaralanma
qeydə alınmayıb.

“Hadisəyə çevik reaksiya göstərdiklərinə görə Missisipi ştatının
bütün xilasedicilərinə və fövqəladə hallar işçilərinə təşəkkür
edirəm”, – Rivs əlavə edib.

Müəssisənin təxminən 48 min ton ammonyak saxlamaq gücü var,
lakin partlayış baş verən anda orada dəqiq nə qədər ammonyak olduğu
hələ müəyyən edilməyib.