
Bakı. Trend:
Türkiyənin “Gama Reklam Sanayi ve Ticaret Anonim Şirketi”
Azərbaycan bazarında fəaliyyətini bərpa etməkdə maraqlıdır.
Bunu Trend-ə
açıqlamasında İstanbul Sənaye Palatasının (İSO) məclis üzvü, “Gama
Reklam Sanayi ve Ticaret Anonim Şirketi”nin rəhbəri Mehmet Özbakır
deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında əvvəlcədən
qardaşlıq əlaqəsi mövcuddur, həmçinin iqtisadiyyatları bir-birini
dəstəkləyəcək vəziyyətdədir:
“Mən Azərbaycandakı inkişafı çox yaxşı müşahidə edirəm. Əgər
Türkiyə öz sənaye təcrübəsini buraya daşısa, Azərbaycandan isə
digər ölkələrə ixrac həyata keçirilə bilər və bu, ölkənin
inkişafına töhfə verə bilər. Mən bu vəziyyəti çox müsbət
qiymətləndirirəm”.
M. Dəmirəl təmsil etdiyi şirkət barəsində də danışıb və
Azərbaycanda fəaliyyətlərinin bərpa edilməsinə çalışdıqlarını
vurğulayıb:
“Biz yanacaqdoldurma məntəqələri tikirik və korporativ
identifikasiya tətbiqləri həyata keçiririk. Azərbaycanda da
əvvəllər fəaliyyət göstərmişik, amma hazırda çalışmırıq. Əvvəllər
bp (British Petrol) şirkəti ilə əməkdaşlıq etmişik və dünyanın bir
çox ölkələrində onunla işləyirik. Azərbaycanda da onların
layihələrini həyata keçirmişik, yanacaqdoldurma məntəqələrini
tikmişik. Biz yenidən Azərbaycanda şirkətimizin fəaliyyətini bərpa
etmək istəyirik. Bizim buraya gəlmək məqsədimiz əməkdaşlıq qurmaq
və şirkətin fəaliyyətini inkişaf etdirməkdir. Həmçinin
Azərbaycandakı həmkarlarımızla birlikdə yeni iş imkanları yaratmaq
istəyirik”.
Məclis üzvü, həmçinin Azərbaycan bazarının potensialını da
dəyərləndirib:
“Burada hər şey mümkündür, çünki Azərbaycan inkişaf edir.
İnkişaf isə daha çox iş imkanları deməkdir. Biz bütün dünya
ölkələri ilə əməkdaşlıq edirik və Azərbaycanda da yeni layihələr
həyata keçirə bilərik”.
“Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard
dollara çatdırılması hədəflənir və bununla bağlı addımlar atılır.
Azərbaycan üçün bu böyük bir büdcə sayılmır, çünki burada iş
adamları çox həvəsli fəaliyyət göstərirlər və dövlət tərəfindən
dəstəklənirlər. Müxtəlif sahələrdə sənaye zonaları yaradılır, özəl
sektor inkişaf etdirilir. Bir sözlə, qarşıya qoyulan hədəfi qısa
zamanda əldə etmək mümkündür”, – deyə M. Dəmirəl əlavə edib.


