Media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin
İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media
nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda
iki gün davam edəcək seminarlara başlanılıb.

Trend xəbər verir ki,
seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik
işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının
rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt
texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını
formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və
informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb
edir.

Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və
rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma
proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq
əməkdaşlıqlar qurur.




Eyni zamanda tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin
İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, süni
intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar
yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar
məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir
dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında
innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt
texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq
meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi
kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının
rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni
intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai
məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə
olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni
intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”,
“Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında
iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı
vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya
istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və
məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.