
Bakı. Trend:
31 oktyabr – 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA
İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalı
keçiriləcək. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevadır.
Trend xəbər
verir ki, layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda
yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif
fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən
mədəniyyət paytaxtı kimi təqdim etməkdir.
Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir
həftəsonu gözləyir.
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly
to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu
Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.
Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən Art
Weekend-in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq
yaddaşın rəmzi olan su seçilib. Bu da təsadüfi deyil. Belə ki, su
həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də
insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi,
bədii və ekoloji baxımdan Art Weekend konsepsiyasının mərkəzində
yer alacaq.
Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar,
mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar,
küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilə
tanışlıq gözləyir.
Festival Bakının müxtəlif incəsənət ocaqlarını – Heydər Əliyev
Mərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi,
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı
Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud
İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi,
YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi ,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Nine Senses” İncəsənət
Mərkəzi və digər məkanları əhatə edəcək.


