
Bakı. Trend:
Niderlandda səfərdə olan Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Elnur Məmmədov Niderland Krallığının xarici işlər
nazirinin müavini Marsel de Vink ilə görüşüb.
Bu barədə Trend-ə XİN-in
Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə son müddətdə iki ölkə arasında yüksək səviyyədə baş
tutmuş təmasların, xüsusilə də Kopenhaqen şəhərində keçirilmiş
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplatısı çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Niderland
Krallığının Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün
əlaqələrin inkişafı üçün müsbət zəmin yaratdığı qeyd olunub.
Tərəflər mütəmadi siyasi dialoqun, bu çərçivədə xarici işlər
nazirləri arasında beynəlxalq platformalar çərçivəsində görüşlərin,
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin
aparılması üçün cari ilin fevral ayında nazir müavini Marsel de
Vinkin Bakıya səfərinin və qarşılıqlı səfərlərin davam
etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mövcud
imkanlar ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi əməkdaşlığın
iki ölkə arasında əlaqələrdə mühüm yer tutduğu qeyd olunub və
Niderland şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən
məmnunluq ifadə olunub.
İkitərəfli və çoxtərəfli gündəlikdə olan mövzular, habelə
qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər, o
cümlədən post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar,
sülh prosesi və tarixi Vaşinqton görüşünün nəticələri də görüşdə
diqqət mərkəzində olub.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın bölgədə davamlı
inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə
məlumat verib.


