Qarabağ minalarla ciddi şəkildə çirklənib – Beynəlxalq ekspert

Baş səhifə

Zəngilan.Trend:

İtkin düşmüş şəxslərin yerlərinin müəyyən edilməsi üzrə
ixtisaslaşmışam. Azərbaycan Respublikası Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
dəvəti ilə Azərbaycana gəlmişəm. Yenidən Qarabağa səfər etməkdən
çox məmnunam.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu
sözləri Zəngilana səfər edən beynəlxalq konfrans iştirakçısı,
beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə
bildirib.




“Bu mənim Qarabağa dördüncü səfərimdir. Bu bölgədə çoxlu
dəyişiklər baş verib. Burada genişmiqyaslı bərpa və quruculuq
işləri aparılır, insanlar bu ərazilərə qayıdırlar. Mən birinci dəfə
Ağdam şəhərinə səfər edəndə orada heç nə tikilməmişdi. Onu da qeyd
etməliyəm ki, həmin ərazilər minalarla ciddi şəkildə çirklənib və
onları minalardan təmizləmək üçün uzun vaxt lazımdır. Başqa vacib
və müsbət məqam bundan ibarətdir ki, avqustun 8-də Azərbaycan və
Ermənistan arasında Birgə Bəyannamə imzalanıb və zənnimcə, itkin
düşmüş şəxslər haqqında məlumat mübadiləsinə mühüm töhfə verə
bilər”, – deyə Afərin Şahidzadə bildirib.

Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu
çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda
beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə
səfər zamanı Zəngilanda olublar.