“Halal Business Forum” çərçivəsində əməkdaşlıq haqda Memorandumlar imzalanıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən “Halal Business Forum” forumu çərçivəsində iki
sənəd imzalanıb.

Trend xəbər verir
ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə
Türkiyənin “Bilişim Vadisi” arasında Anlaşma Memorandumu
imzalanıb.

Sənəd “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar” və “yaşıl
sahibkarlıq” kimi istiqamətlərdə məlumatlılığın artırılması və
birgə təşəbbüslərin həyata keçirilməsini, eləcə də ətraf mühitin
mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və
“Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen imzalayıblar.




Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim
Koalisiyası üzrə Birgə Bəyanat” COP29 çərçivəsində KOBİA tərəfindən
irəli sürülüb. Kiçik və orta biznesin yaşıl keçidini asanlaşdırmaq
və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması məqsədini
daşıyan bu bəyanat, yaşıl KOB-ların qlobal hərəkatının
yaradılmasına yönəlib.

Hazırda bu bəyanata 20-dən çox beynəlxalq təşkilat və xarici
ölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın “Halal Development Corporation Berhad”
şirkəti ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu
“Berhad” korporasiyasının baş direktoru Hayrol Arifeyn bin Sahari
və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Sənəd biznes, investisiya və ixrac sahələrində, eləcə də halal
sənayesi üzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, birgə
təlim proqramlarının keçirilməsini və hər iki qurumun imkanlarından
istifadə etməklə digər istiqamətlərdə əməkdaşlığı nəzərdə
tutur.