Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev xalqa müraciət edib.

Trend
dövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin xalqa müraciəti

-Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi
işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad
edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən
təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün
bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak
olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı
hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl
bizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad
edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq.
Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz
iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt
Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər
torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab
edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl
şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün
bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və
zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr
endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur,
canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini
tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq,
şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik.
Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan
xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları
torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni
abidələrimizi darmadağın edib dağıdıblar.

Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən
dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat
qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı
dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının
tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış
məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim
əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını
işğalçılardan azad edir.

Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki,
bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz –
Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu
tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz
yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı
illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o,
məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və
bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin
adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu
aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu
kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi,
Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi,
Cəfərabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə
son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız
bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına
qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar
yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə
ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının
torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir,
xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu
ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin
dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz
il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan
xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz
ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu
məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz
sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT
Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy
göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi
il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində
konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq
bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb.
Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza
göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq
Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu
xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim
edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir
qarış torpağı Azərbaycana qaytarmayacağıq.

Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan
məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi
və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli
yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik
ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir
mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon
qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar,
Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları
birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli
mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir
mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız
çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının
iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə
açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında
heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış
məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki
vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu
göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi,
saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror
aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra
isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi
saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa
çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə”
deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi.
Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq
xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri
danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən
Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər
beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə
dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq
edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan
daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya
atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə
həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və
mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab
edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında
qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə
zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq?
Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı
özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə
mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb
siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib
Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla
barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq.
Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya
köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək
cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə
deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq.
Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər
bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada
göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə
Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq
vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın,
BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki,
bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya
oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı
verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır.
Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa
düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı
iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham
edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası
yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth
etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya
qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan
rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim
Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən
bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir
və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl,
təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün
bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm,
heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər.
Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar
göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun
sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs
şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb
çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər
addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla
barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq
onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal
edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların
səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim
əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı
texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz
xilaskar missiyamızı icra edirik və edəcəyik!

Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə
yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi
baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan
ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin
xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki,
daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt
verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm.
Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin,
vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir
ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”.
İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə
ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar
bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim
torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox,
əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram,
necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal
edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza
prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan
xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil.
Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan
erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda
biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi
şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz
dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində
işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt
verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam
toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar
bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə
lazımdır dedim, vəssalam.

Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun
havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim.
Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat
törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat
törətdi, dərs verdik, indi dərs oldu.

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını
yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir
çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların
sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa
edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının
ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz
haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ
Azərbaycandır!