“Boko Haram” hücumu nəticəsində minlərlə sakin Kameruna qaçıb

Baş səhifə

Bakı. Trend:

“Boko Haram” silahlı qruplaşmasının Nigeriyanın şimal-şərqində
yerləşən Borno ştatının Kirava şəhərinə hücumu nəticəsində minlərlə
sakin qonşu Kameruna sığınıb.

Trend-in
məlumatına görə, bu barədə yerli silahlı dəstələrə qarşı mübarizə
aparan qüvvələrin komandiri Ömər Ari oktyabrın 3-də açıqlama
verib.

Onun sözlərinə görə, onlarla “Boko Haram” üzvü ötən gecə
Kamerunla sərhəd yaxınlığında yerləşən Kirava şəhərinə hücum edərək
şəhəri ələ keçirməyə cəhd edib. Hücum nəticəsində sakinlərin evləri
yandırılıb və təxminən beş min nəfər şəhəri tərk etmək
məcburiyyətində qalıb.




“Kirava İnkişaf Cəmiyyəti”nin rəhbəri və yerli icra nümayəndəsi
Yaqub Əli bildirib ki, qaçan sakinlərin təxminən üç min nəfəri çayı
keçərək Kameruna sığınıb, qalanları isə yaxın kəndlərə üz
tutub.

Borno ştatı və ümumilikdə Nigeriyanın şimal-şərqi vaxtaşırı
“Boko Haram” hücumlarına məruz qalır. 2014-cü ildə qruplaşma Qouza
şəhərini ələ keçirsə də, Nigeriya ordusu Çad ordusunun dəstəyi ilə
şəhəri geri qaytara bilib.