Zəfər tariximizin başlandığı gün – 27 sentyabr

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın müasir tarixi çoxsaylı önəmli hadisələrlə
zəngindir. Lakin bu hadisələr içərisində elələri var ki, xalqın
yaddaşında silinməz iz qoyur, milli ruhu oyadır və tarixin axarını
dəyişir. 2020-ci il 27 sentyabr məhz belə günlərdən biridir. Bu
tarix, Azərbaycan xalqının torpaqlar uğrunda apardığı ədalətli
mübarizənin başlanğıcı, milli birlik və qəhrəmanlıq rəmzi, həm də
tarixi zəfərin ilk səhifəsidir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı
başladığı hərbi təcavüz nəticəsində bir neçə rayonumuz Ermənistan
tərəfindən işğal olundu. Bu işğal nəticəsində bir milyona yaxın
azərbaycanlı doğma yurd-yuvasından didərgin düşdü. İşğal zamanı
yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə
yetirildi. Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart
tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu
fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına
çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz
qaldı. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş
etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı.
Lakin Ermənistan danışıqlar prosesi Ermənistanın destruktiv
mövqeyinə görə nəticə vermədi.

30 il ərzində Ermənistan təxribatlar törədirdi, dinc əhalimizi
mütəmadi atəşə tutmuş və onların rahat yaşamasına imkan
vermirdi.

Lakin xalqımız işğalla heç zaman barışmadı. Ermənistan silahlı
qüvvələri 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini cəbhə
boyu kobud şəkildə pozdu. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri
ilə Azərbaycan Ordusu sentyabrın 27-də düşmən təxribatına cavab
olaraq əks-hücum əməliyyatına başladı. Beləliklə, Vətən müharibəsi
başladı. Bu müharibə Azərbaycan xalqının haqq, ədalət və ərazi
bütövlüyü uğrunda savaşı idi. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, xalqın dəstəyi ilə
tarix yazdı. Ordumuz həm peşəkarlığı, həm yüksək texnologiyalardan
istifadə etmə bacarığı, həm də əsgər və zabitlərimizin fədakarlığı
ilə düşmənin müdafiə xətlərini bir-bir yararaq qısa zamanda böyük
əraziləri azad etdi. Nəticədə Azərbaycan Ordusunun sentyabrın 27-də
Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində
noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş
naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşkəsin elan
edilməsi

atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə
bəyanat imzalandı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi
müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən
müharibəsindən sonra bir güllə atılmadan Ağdam, Kəlbəcər, Laçın
Azərbaycana təhvil verildi. Vətən Müharibəsi Azərbaycanın tarixi
qələbəsi ilə yekunlaşdı.




Torpaqlarımızın işğaldan azad olunması yalnız hərbi uğur deyil,
eyni zamanda xalqımızın ləyaqətinin, milli kimliyinin, dövlətçilik
ənənələrinin bərpasıdır.

Bu müharibədə canından keçən şəhidlərimiz və sağlamlığını itirən
qazilərimiz, tarix boyu xalqımızın yaddaşında daim qürur mənbəyi
olaraq qalacaq.

Onların fədakarlığı ilə yazılan bu şanlı tarix gələcək nəsillərə
örnək olacaq. Xalq bir məqsəd uğrunda “dəmir yumruq” kimi birləşdi
və düşmənə tarixi dərs verdi. Bu həm də millət olaraq öz gücümüzə
inanmağımızın parlaq nümunəsidir.

Əsgər və zabitlərimiz vətəni ürəklə qorudular, ölümün üzərinə
qorxmadan getdilər. Onların bu qəhrəmanlığı həm tarix, həm də xalq
üçün iftixar mənbəyidir. Artıq onların igidliyi təkcə tarix
kitablarında deyil, şeirlərdə, mahnılarda, filmlərdə, xatirələrdə
yaşayır. Bu, həm də onların ölməzliyinin rəmzidir.

Artıq biz qalib xalqıq, statusumuz dəyişib – dünyaya güclü, suveren
və mübariz bir xalq kimi tanınmışıq. Azad olunan ərazilərdə
yenidənqurma, quruculuq və inkişaf dövrü başlayıb. Bu da o deməkdir
ki, qələbə yalnız keçmişin xatirəsi deyil, gələcəyin təməlidir.
Vətən müharibəsi bizi yalnız qalib etmədi, həm də milli kimliyimizi
gücləndirdi, birliyimizi möhkəmləndirdi və şəhidlərimizin ruhunu
rahatlatdı. İndi isə bizə düşən bu zəfərin daxili mənasını yaşatmaq
və qazanılan torpaqlarda həyat, mədəniyyət və rifah qurmaqdır.