- 24 sentyabr, 2025
- 11:16

Vətən müharibəsində din xadimləri mənəvi vəzifələrini layiqli şəkildə həyata keçirdilər.
“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.
O qeyd edib ki, din xadimləri müharibə vaxtı müxtəlif dinlərə mənsub Vətən şəhidlərinin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhidi – fərq qoymadan birlikdə iştirak etdiblər:
“İstər Vətən müharibəsi günlərində, istərsə də Zəfərdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik.
Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq”.
QMİ sədri bildirib ki, Prezident İlham Əliyev cənabları mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi:
“O bizim fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycanın qüdrəti hər zaman qələbələrlə davam edəcək”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


