
Bakı. Trend:
Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, mənəviyyat, incəsənət
festivalının təntənəli açılışı keçirilib. Festival Heydər Əliyev
Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub,
Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO)
ilə tərəfdaşlıq əsasında reallaşıb.
Trend xəbər verir
ki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusunda
Beynəlxalq Forum keçirilib.
Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada,
Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminən
70 tədqiqatçı və alim iştirak edib.
Qonaqlardan biri əvvəllər İranın Zəncan və Sənəndəc
universitetlərində çalışmış, son illərdə isə Kanadada yaşayan və
Saymon Freyzer Dövlət Universitetində fəaliyyət göstərən doktor
Məhəmmədreza Kərimi (Kanada) olub. Alim “Nəsiminin Azərbaycan ədəbi
dilinin formalaşması tarixində yeri və onun nəqli” mövzusunda
məruzə ilə çıxış edib.
“Mən üçüncü dəfədir Azərbaycana gəlirəm və burada hər zaman
müxtəlif tədbirlər ən yüksək səviyyədə təşkil olunur. İran
kitabxanalarından birində apardığım araşdırmalar nəticəsində
Nəsiminin insanın kamilliyə gedən doğru yolunu göstərən, böyük şair
və filosofun fəlsəfəsini dərin şəkildə əks etdirən “Təriqətnamə”
əsərini tapdım. Əvvəlki illərdə Nəsimi festivalı əsasən mədəni irs
prizmasından təqdim olunurdu, bu il isə əsas diqqət böyük şairin
yaradıcılığının elmi araşdırılmasına yönəldilib, bu, həqiqətən
böyük əhəmiyyət kəsb edir. Mən müxtəlif ölkələrin alimlərinin
Nəsimi irsinin öyrənilməsi ilə bağlı öz baxışlarını və
tədqiqatlarını təqdim edə bildiyi, maraqlı fikirlərin mübadilə
edildiyi beynəlxalq forumu yüksək qiymətləndirirəm”, – deyə
Məhəmmədreza Kərimi bildirib.

