Qızına cehizlik almağa gedən ata oğurluq etdi

Kriminal


Abşeron rayonu Xırdalan şəhərində yerləşən ticarət mərkəzindən birində oğurluq hadisəsi baş verib.

Qaynarinfo.az-ın məlumatına görə, hadisəni 1969-cu il təvəllüdlü Fariz adlı şəxs törədib. 

Fariz və universitetlərin birində filoloq-müəllim işləyən həyat yoldaşı ilə birlikdə qızına yay aylarında baş tutacaq toyundan öncə cehiz almaq qərarına gəliblər. Onlar övladları ilə birlikdə ticarət mərkəzində yerləşən mebel mağazasına gediblər. 

Həyat yoldaşı və qızının satış meneceri ilə söhbət etdiyini görən Fariz mağazadan qiyməti 3000 manat olan mobil telefonu oğurlayıb. 

Telefonu götürüb əynindəki gödəkçənin cibinə qoyub. Arvadı və qızı satıcı ilə təxminən 5 dəqiqə mebellər haqqında söhbət etdikdən sonra birlikdə mağazanı tərk ediblər. Daha sonra başqa mebel mağazasına baxıb, ticarət mərkəzini tərk edərək evə qayıdıblar. Yaşadığı evin qarşısına çatdıqdan sonra arvadı evə qalxıb, özü isə idarə etdiyi avtomobildə qalıb. Oğurladığı telefonu cibindən çıxarıb baxarkən üzlüyünün alt hissəsində 300 manat pulu görüb. O, işləri ilə əlaqədar yenidən həmin ticarət mərkəzinə getdikdə polis əməkdaşları tərəfindən saxlanılıb. 

Təqsirləndirilən şəxs ifadəsində oğurladığı mobil telefonun sahibini əvvəlcədən tanımadığını, oğurluq nəticəsində əldə etdiyi 300 manat pulu şəxsi ehtiyaclarına xərclədiyini və başqa hər hansı oğurluq əməli törətmədiyini bildirib. 

Məhkəmənin qərarı ilə Fariz Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

Aparılan araşdırma zamanı bu da məlum olub ki, Fariz 25 may 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 2.5-ci bəndinə əsasən, Sabunçu Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qərarı ilə azad olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir