
Bakı. Trend:
İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə 18 aprel
2026-cı il tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində
“II Autizm Maarifləndirmə Forumu” keçiriləcək.
“Autizmdə Bütöv Yanaşma” mövzusuna həsr olunacaq forum
maarifləndirici məzmunu və yüksək sosial əhəmiyyəti ilə
seçiləcəkdir.
Forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi,
mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və
autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin
vurğulanmasıdır.
Tədbir çərçivəsində bu sahənin strukturlaşdırılması, mövcud
problemlər və həll yolları da müzakirə olunacaq.
İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova forum
zamanı çıxış edərək psixologiya mərkəzləri və psixoloji xidmətlərin
fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər barədə
məlumat verəcək. O, bu məqsədlə standartlaşdırma komitəsinin
yaradıldığını diqqətə çatdıracaq və 2026-cı il ərzində
multidissiplinar komanda (art-terapevt, əmək terapevti, sensor
inteqrasiya mütəxəssisi, idman mütəxəssisi, psixopedaqoq, loqoped
və psixoloq) çərçivəsində etik kodeksin, diaqnostika və
reabilitasiya standartlarının hazırlanmasının planlaşdırıldığını
bildirəcək.
Bu standartların tətbiqinin erkən diaqnostikanın keyfiyyətinin
artırılmasına və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına
xidmət edəcəyi vurğulanacaq.
Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları
İlham Məmmədov, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı, Aydın
Hüseynov, Elman Nəsirov, Könül Nurullayeva, Mehriban Vəliyeva,
eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı
gözlənilir.
Çıxış edənlər tərəfindən autizm spektr pozuntularının müasir
dövrdə geniş yayılmış və xüsusi diqqət tələb edən məsələlərdən biri
olduğu, bu kimi forumların keçirilməsinin valideynlərin düzgün
istiqamətləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması
baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunacaq.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli
çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9
aylıq dövrdən başlanmasının vacibliyini vurğulayacaq. O,
diaqnozların gec qoyulmasının geniş yayıldığını və 3 yaşda qoyulan
diaqnozların artıq gec hesab edilə biləcəyini diqqətə çatdıracaq,
eyni zamanda reabilitasiya prosesində multidissiplinar yanaşmanın
zəruriliyini qeyd edəcək.
Forum çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş
mütəxəssislərin də çıxışları nəzərdə tutulur.
Dr. Anıl Gürkan “QEEG ilə beyin xəritələmə: Autizmdə beyinə necə
baxırıq?” mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda QEEG-in
mahiyyəti, autizmli uşaqlarda müşahidə olunan beyin şəbəkə
modelləri, dil, diqqət və sosial qarşılıqlı əlaqə şəbəkələrinin
qiymətləndirilməsi, eləcə də bu metodun imkan və məhdudiyyətləri
barədə məlumat veriləcək.
Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tez
rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış
arasındakı əlaqə, sistemik iltihabın təsiri, həmçinin yeni nəsil
bioloji yanaşmalar və bu sahədə aparılan müasir tədqiqatlar barədə
təqdimatla çıxış edəcəklər.
Psixoloq Yeliz Ceylan isə autizmdə davranış, emosiyaların
tənzimlənməsi və ailə yanaşması mövzusunda çıxış edərək davranış
çətinlikləri, sensor həssaslıq, “meltdown” və “tantrum” arasındakı
fərqlər, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə
tətbiq oluna biləcək dəstək üsulları haqqında məlumat verəcək.
Forum zamanı iştirakçıların sualları cavablandırılacaq,
valideynlər üçün maarifləndirici müzakirələr aparılacaq.
Qeyd edək ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin
formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial
inteqrasiyasına və onların gələcək inkişaf imkanlarının
genişləndirilməsinə mühüm töhfə verir.

