
Bakı. Trend:
“Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən
(metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair
Dövlət Proqramı”nın layihəsi 3 ay müddətində hazırlanacaq.
Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya
Holdinqi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində
müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi
şəxsləri) ilə razılaşdırmaqla “Azərbaycan Respublikasında
2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya
sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini 3 ay
müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və
metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən, Nazirlər Kabineti Dövlət Proqramında
“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün
“xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac
imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin
nəzərdə tutulmasını təmin etməlidir:
- elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək
illik istehsal gücünün 100 min tona çatdırılması, alüminium yayma
məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu
ilədək illik istehsal gücünün 50 min tona çatdırılması; - Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan
texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq maliyyələşdirmə
mənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları
(qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun
tikintisinin həyata keçirilməsi
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi tərəfindən
hazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun olaraq
yuxarıdakı birinci abzasda nəzərdə tutulan layihələrin dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi və yuxarıdakı
ikinci abzasda nəzərdə tutulan layihənin maliyyələşdirmə mənbələri
və həyata keçirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə
təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan İnvestisiya
Holdinqi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində
müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi
şəxsləri) ilə razılaşdırmaqla metallurgiya məhsullarının rəqabət
qabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyat
tariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavə
torpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatın
ödənilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim
etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya
Holdinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət
orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla
“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin kreditor
borclarının, habelə dövlət təşkilatlarına olan və ödənilməsinə 25
il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının
silinməsi və Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam
verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim
etməlidir.
Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.


