
Bakı. Trend:
Son günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
fəaliyyəti ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirilib.
Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov Trend-ə açıqlamasında
bildirib ki, ayrı-ayrı şəxslərlə bağlı qərarlar mövcud əmək
münasibətləri, fəaliyyət xüsusiyyətləri və təşkilati zərurətlər
nəzərə alınmaqla qəbul edilib.
Bildirilib ki, Xalq artisti Əvəz Abdullayev Azərbaycanı xaricdə
layiqli şəkildə təmsil edən sənətçilərdən biridir. Daimi yaşayış
yeri Almaniyadır. Bu səbəbdən onun teatr truppasında fasiləsiz
əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından, onunla
bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, bu kimi hallarda
əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində,
yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi
daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam
etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda vurğulamaq istərdik ki, Əvəz Abdullayevin sənətinə
və peşəkar yaradıcılığına yüksək qiymət verilir və onun gələcək
fəaliyyətində yeni uğurlara imza atacağına inam ifadə olunur. Onun
Almaniyada işlədiyi “Nationaltheater Mannheim” teatrında
Azərbaycanı layiqincə təmsil etməyinə əminliyimizi
vurğulayırıq”.
Yusif Eyvazov Xalq artisti Yalçın Adıgözəlov haqqında yayılan
məlumatlara da aydınlıq gətirib:
“O, yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən,
böyük hörmət bəslənilən sənətkardır. O, Niyazı adına Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin
olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib.
Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə
əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar
prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Teatrın solisti Atəş Qarayevə münasibətdə isə teatr tərəfindən
müxtəlif dövrlərdə həm səmərəli yaradıcılıq fəaliyyəti, xüsusilə də
44 günlük Qarabağ müharibəsi veteranı olmağı aspektindən böyük
həssaslıqla yanaşılıb və daim müvafiq dəstək göstərilib. O
cümlədən, Avstriyada, Qazaxıstanda, Rusiyada təşkil olunan müxtəlif
beynəlxalq səviyyəli tədbirlərdə, layihələrdə iştirakı üçün hər cür
zəruri dəstək göstərilib.
Bununla yanaşı, əmək intizamı ilə bağlı teatrda son dövrlər
ciddi islahatlar aparılmaqdadır. Keçirilən yoxlamalar nəticəsində
məlum olmuşdur ki, 2025-ci ilin dekabr ayında 25 iş günündən yalnız
4 gün işdə olub, 2026-cı ilin yanvar ayında işdə ümumiyyətlə
olmayıb, fevral ayında isə 24 iş günündən 11 gün işdə olub. Bu
səbəbdən dəfələrlə xəbərdarlıq edildikdən sonra, əmək
qanunvericiliyinə uyğun olaraq intizam tənbehi tətbiq olunaraq
əməkhaqqında müvafiq tutulma aparılıb”.
Teatr xatırlarmaq istəyirik ki, bu ilin yanvar ayında Oman
Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera
Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo
Puççininin “Toska” operasının premyerası baş tutub.
“Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.
Azərbaycan yaradıcı kollektivinin Kral Opera Teatrı kimi məşhur
sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə
təbliği baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Qastrol çərçivəsində heyətin aviabiletlərinin alınması,
yerləşdirilməsi və qidalanma qarşı tərəfdən ödənildiyi səbəbilə
ayrıca ezamiyyə xərcləri qanunvericiliyə uyğun olaraq nəzərdə
tutulmayıb. Qonorar ödənişləri ilə bağlı bildiririk ki, qarşı
tərəfdən müvafiq maliyyə vəsaitləri köçürüldükdən sonra ödənişlər
qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət — 60 iş günü
ərzində həyata keçiriləcəyi haqqında bütün iştirakçılar əvvəlcədən
məlumatlandırılıb. Diqqətinizə çatdırmaq istəyirik ki, bu ödənişlər
artıq gerçəkləşdirilib. Teatr rəhbərliyi olaraq əsas
prioritetlərimizdən biri teatr kollektivinin həm peşəkar
inkişafının, həm də maddi-sosial rifahının yüksəldilməsidir. Bu
məqsədlə beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, yeni
təşəbbüslərin həyata keçirilməsi və yaradıcı heyətin sosial
təminatının, rifahının daha da gücləndirilməsi qarşımıza əsas hədəf
kimi qoyulub”, – Yusif Eyvazov vurğulayıb.
Eyni zamanda bildirilib ki, teatrın əsas səhnəsində yenilənmə
işlərinin davam etməsinə baxmayaraq, kollektiv yaradıcılıq
fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Belə ki, Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” operası yeni quruluşda təqdim
olunmuşdur, “Koroğlu” operası bərpa edilib:
“İlk dəfə səhnələşdirilən Musiqisi Xalq artisti, professor
Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan
“Nəsimi” operası sənətsevərlər üçün əlamətdar bir hadisəyə
çevrilib.
İzləyicilər tərəfindən böyük rəğbətlə qarşılanan “Opera
günləri”, eləcə də “Balet günləri” təşkil olunmuşdur. 2026-cı ilin
mart ayı üzrə ölkənin əksər bölgələrinə qastrol proqramı, o
cümlədən Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edib,
martın 28-də Mingəçevirdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”
operettası nümayiş etdirilib.
Bununla yanaşı, teatr tərəfindən Cüzeppe Verdinin “Aida”
operasının təqdimatı olmuşdur.
Teatrın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib,
müasir tələblərə cavab verən yeni avadanlıq və musiqi alətləri ilə
təmin edilib. Dövlət-özəl, tərəfdaşlıq prinsipləri, habelə
sponsorluq əsasında texniki imkanların genişləndirilməsi
istiqamətində də müvafiq addımlar atılıb.
Ümumilikdə qeyd etmək istərdik ki, teatr tərəfindən əməkdaşlarla
bağlı qərarlar mövcud qanunvericilik, təşkilati zərurətlər və
peşəkar fəaliyyət meyarları əsasında qəbul edilir. Teatrın
fəaliyyəti şəffafdır və həyata keçirilən layihələr, tamaşalar və
beynəlxalq əməkdaşlıqlar ictimaiyyət üçün açıq mənbələrdə öz əksini
tapır.
Mövcud faktlar və konkret nəticələr aydın şəkildə göstərir ki,
kollektivin fəaliyyəti sistemli və davamlı inkişaf xətti üzrə
həyata keçirilir. Bu kontekstdə ayrı-ayrı subyektiv yanaşmalar və
spekulyativ fikirlər obyektiv reallığı əks etdirmir və ümumi
mənzərə yalnız rəsmi məlumatlar və əldə olunan nəticələr əsasında
qiymətləndirilməlidir”.
Həmçinin bildirilib ki, kollektiv daxilində əmək
münasibətlərinin tənzimlənməsi çərçivəsində işdən ayrılma halları,
intizam tədbirləri və digər təşkilati proseslər baş verə bilər. Bu
kimi məsələlərin hamısı qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğun şəkildə, müəyyən edilmiş prosedurlar əsasında həyata
keçirilir və müvafiq qaydada, sivil və hüquqi çərçivədə həll
olunur.
Son olaraq bildirilib ki, Azərbaycan teatrının çoxşaxəli
layihələrinin həyata keçirilməsi, gənc nəslin bu sahəyə davamlı
şəkildə cəlb olunması, yeni tamaşaların hazırlanması və bilet
satışlarının artması Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında keyfiyyət yönümlü institusional dəyişikliklərin baş
verdiyini göstərir. Bu dinamika, öz növbəsində, tamaşaçı marağının
və məmnuniyyət səviyyəsinin yüksəlməsinə xidmət edir.
Xəbər yenilənəcək


