İranın cənubunda “Hermes 900” PUA-sı vurulub

Baş səhifə

Bakı. Trend:

Az öncə İranın cənubunda yerləşən Fars vilayəti səmasında 1 ədəd
“Hermes 900” pilotsuz uçuş aparatı (PUA) vurulub.

Trend-in
məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu
(SEPAH) məlumat yayıb.

Bildirib ki, sözügedən PUA İranın Hava Hücumundan Müdafiə
Sistemi tərəfindən vurulub.

SEPAH bildirir ki, hətta hərbi əməliyyat keçirmədiyi halda İran
səmasına daxil olan ABŞ və İsrailə məxsus hər növ uçuş vasitəsi
atəşkəsin pozulması hesab olunur və qətiyyətli cavab veriləcək.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik
müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.