“Hər xatirəsi Vətəndir” layihəsi uğurla başa çatıb

Baş səhifə
Hər xatirəsi Vətəndir layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Hər xatirəsi Vətəndir” layihəsi uğurla başa çatıb.

“Report” xəbər verir ki, layihə çərçivəsində 44 şəhid ailəsi üzvü tərəfindən təqdim olunmuş esselər toplanaraq kitab halında nəşr edilib.

Bununla bağlı keçirilən tədbirdə Gənclər Fondunun, Ədliyyə Nazirliyinin və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri çıxış ediblər. Çıxışlarda şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub, onların xatirəsinin daim yaşayacağı və gənclər üçün nümunə olduğu vurğulanıb. Həmçinin bildirilib ki, bu cür layihələr vətənpərvərlik ruhunun gücləndirilməsinə və milli dəyərlərin təbliğinə xidmət edir.

Tədbirin sonunda şəhid ailə üzvlərinin qələmə aldığı esselərdən ibarət kitabın təqdimatı keçirilib, iştirakçıların hər biri sertifikat və müxtəlif hədiyyələrlə təltif olunub, birgə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, layihə Vətən Müharibəsi qəhrəmanı Anar Şükürovun oğlu Ümid Şükürlünün Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsində qalib gələn ideyası əsasında həyata keçirilib.