Yüksək vəzifəyə təyin olunan Anar Kərimov kimdir?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik
edilib.Sərəncama əsasən, maliyyə nazirinin birinci müavini Anar
Kərimov SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib.

Trend Anar
Kərimovun dosyesini təqdim edir:

A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub.

1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq
hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib.
2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq
iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb.

2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ)
hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi
əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib,
2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki
səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf
Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş
hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin
Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə
müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq
layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə
işləyib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya
Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan – İtaliya
Ticarət Palatasının vitse-prezidenti olub.




Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət
Universitetində Hüquq fakültəsinin ingilis dilli magistratura
proqramında müəllim kimi fəaliyyət göstərib.

2019-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il
tarixli Sərəncamı ilə maliyyə nazirinin birinci müavini təyin
olunub.

İngilis, fransız və rus dillərini bilir.

Evlidir, dörd övladı var.