İran irəli sürdüyü 10 şərti açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran müharibəni bitirmək üçün ABŞ tərəfinə irəli sürdüyü 10
maddəlik təklifi açıqlayıb.

Trend-in
məlumatına görə, bu İranın Ali Milli Təhlükəsizlik Şurasının
bəyanatında öz əksini tapıb.

Bəyanatda bildirilir ki, sözügedən təkliflər ABŞ prezidenti
Donald Tramp tərəfindən qəbul edilib.

Sözügedən təkliflər İrana qarşı hücumların tam şəkildə
dayandırılması, ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması və
bazalardan İrana hər hansı hücumun edilməməsi, İranın nəzarəti ilə
protokol qayda çərçivəsində iki həftə ərzində Hörmüz boğazından
gəmilərin məhdud şəkildə keçidinə şəraitin yaradılması, İrana qarşı
bütün birinci və ikinci dərəcəli sanksiyaların və BMT
qətnamələrinin ləğv edilməsi, investisiya və maliyyə fondlarının
yaradılması ilə İrana dəyən ziyanın qarşılanması, ABŞ tərəfindən
İranın zənginləşdirmə hüququnun qəbul edilməsi və uranın
zənginləşdirmə dərəcəsi haqda müzakirənin aparılması, regionda
İrana müttəfiq qruplara qarşı hücumların dayandırılması, BMT
Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin
Direktorlar Şurasının İrana qarşı bütün qətnamələrinin ləğv
edilməsindən ibarətdir.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.