Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) dünən İranda daha bir neft-kimya
obyektinin bombalandığını təsdiqləyib.
Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.
İDF məlumatına görə, həmin obyekt ballistik raketlər üçün
materialların istehsalında istifadə olunan, hələ də fəaliyyət
göstərən azsaylı müəssisələrdən biri olub.
IDF bəyanatında qeyd edib ki, Şiraz yaxınlığındakı obyekt İran
silahlı qüvvələri tərəfindən partlayıcı maddələrin hazırlanması və
ballistik raketlərin inkişaf proseslərində istifadə olunan əlavə
materialların istehsalı üçün zəruri olan maddə – azot turşusunun
istehsalında istifadə olunurdu.
Bundan əlavə, dünən İsrail Hərbi Hava Qüvvələri İranın
şimal-qərbində yerləşən ballistik raket qüvvələrinə məxsus bir
obyekti də vurub. Hərbçilərin sözlərinə görə, həmin ərazidən
İsrailə onlarla raket buraxılıb.
“Obyekt, raket bölməsinin əsgər və komandirlərinin orada
fəaliyyət göstərərək İsrail Dövlətinə və digər ölkələrə qarşı
terror fəaliyyətlərini planlaşdırdığı və həyata keçirdiyi vaxt
vurulub”, – IDF qeyd edib
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

