TDT-nin ÜDM-i 2,1 trilyon dolları keçir, dünya iqtisadiyyatındakı payı 2%-dir – Qazaxıstanlı deputat

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının ümumi daxili məhsul 2,1 trilyon
dollardan çoxdur, türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı
təxminən 2 faizdir.

Trend xəbər
verir ki, bunu TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri,
Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayev
komissiyanın bu gün “TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi
fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri”
mövzusunda on üçüncü iclasında deyib.

O bildirib ki, türk dövlətləri arasında qarşılıqlı ticarətin
həcmi isə təxminən 57 milyard dollar təşkil edir. Türk
dövlətlərinin xarici ticarətinin ümumi həcmi isə 1,1 trilyon ABŞ
dolları miqdarındadır.

Deputat vurğulayıb ki, ölkələr arasında iqtisadi inkişafa töhfə
verən müxtəlif faydalı təsirlər mövcuddur. Sahələrin müəyyən
edilməsi, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın nizamlı
şəkildə qurulmasına əsaslanır:




“Bu çərçivədə iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı faydalı
iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə səbəb olur.
İqtisadi münasibətlərin hüquqi bazasının formalaşdırılması
vacibdir. Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin
gücləndirilməsi istiqamətində müxtəlif qurumlar yaradılır. İqtisadi
fəaliyyətləri gücləndirmək məqsədilə konkret layihələr həyata
keçirilir”.

Anas Bakkojayev əlavə edib ki, bu proseslər türk dünyasında
iqtisadi əlaqələrin daha da güclənməsinə, əlaqələrin dərinləşməsinə
və ümumi inkişafın sürətlənməsinə xidmət edir.

“Əsas məqsəd ölkələr arasında ortaq fəaliyyətin təşviq edilməsi,
iqtisadi potensialın daha effektiv şəkildə üzə çıxarılması və
əməkdaşlığın genişləndirilməsidir. Xüsusilə üzv dövlətlər arasında
bu cür fəaliyyətlərin koordinasiyası və mövcud məsələlərin
öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu istiqamətdə görülən işlər ölkələrimizin inkişafına müsbət
təsir göstərəcək. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi
isə bu prosesin davamlılığını təmin edəcək”, – deyə o fikrini
tamamlayıb.