“Rosselxoznadzor” Ermənistandan gələn bəzi məhsulların mənşəyini şübhə altına alıb

Baş səhifə
Rosselxoznadzor Ermənistandan gələn bəzi məhsulların mənşəyini şübhə altına alıb

Rusiyanın idxal olunan bəzi məhsul növləri üzrə Ermənistana iddiaları qüvvədədir.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertə istinadən məlumat verib.

“Ermənistandan daxil olan məhsulların çeşidi və miqdarı onların heç də hamısının Ermənistan mənşəli olmadığını hesab etməyə əsas verir. Biz bu problemlə həm 2024-cü ildə, həm də 2023-cü ildə məşğul olmuşuq”, – Dankvert bəyan edib.

Onun sözlərinə görə, söhbət “tədarüklərin məntiqsiz artımından” gedir ki, bu da təkrar ixracın nəticəsidir.

“Biz kərə yağı, pendir, alabalıq kimi izlənilməyən məhsulların tədarüklərini aşkar etdik. Ermənistanın dağ çaylarının alabalığı heç bir şəkildə Norveç alabalığına bənzəyə bilməz”, – o deyib və Avrasiya İqtisadi İttifaqı çərçivəsində təhlükəsizlik sahəsində nəzarətin gücləndirilməsinə çağırış edib.