
Bakı. Trend:
Fransanın “TotalEnergies” şirkəti və Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar” şirkəti Asiyanın 9 ölkəsində bərpa olunan
enerji sahəsində quru layihələrini birləşdirəcək, dəyəri 2,2
milyard ABŞ dolları olan və bərabər pay bölgüsü (50/50) əsasında
yaradılacaq birgə müəssisə haqqında öhdəlik sazişi
imzalayıblar.
Trend-in
məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra birgə müəssisə
Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin,
Sinqapur, Cənubi Koreya və Özbəkistanda günəş və külək enerjisi,
eləcə də enerji saxlama sistemləri üzrə quru layihələrinin
inkişafı, tikintisi, sahiblənməsi və istismarı üçün yeganə
platforma olacaq.
Birgə müəssisənin portfeli ümumi gücü 3 QVt olan fəaliyyət
göstərən aktivləri, həmçinin aktiv inkişaf mərhələsində olan və
2030-cu ilədək istismara verilməsi gözlənilən ümumi gücü 6 QVt
təşkil edən layihələri əhatə edəcək.
Birgə müəssisənin baş ofisi “Abu Dhabi Global Market” (ADGM)
beynəlxalq maliyyə mərkəzində yerləşəcək. Şirkətdə “TotalEnergies”
və “Masdar”ı təmsil edən təxminən 200 əməkdaş çalışacaq. Birgə
müəssisənin idarə heyəti bir müddət sonra açıqlanacaq.
Sövdələşmənin tamamlanması zəruri tənzimləyici icazələrin
alınmasından və müvafiq şərtlərin yerinə yetirilməsindən
asılıdır.


