
Bakı.Trend:
Bakı. Trend:
Bayram günlərində Azərbaycanda sərnişin daşımalarında ciddi
artım qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, 19-30 mart tarixlərində
qatarlarla ümumilikdə 212 mindən çox sərnişin daşınıb.
Rayonlararası daşımalar üzrə Bakı-Qazax-Bakı (o cümlədən
Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu ilə 21 963 nəfər səfər
edib.
Qeyd edilir ki, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı
istiqamətlərində 8984 sərnişin, Bakı-Ağdam-Bakı marşrutunda isə
1561 sərnişin daşınıb. Həmçinin qeyd olunub ki, istirahət
günlərində rekord sayda – 200 mindən çox sərnişin rahat və
təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə
isə, 12 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157
reys həyata keçirilib və 84 135 sərnişin daşınıb. Tələbatın
qarşılanması üçün əlavə olaraq 450-dən çox reys təşkil edilib.
Bildirilir ki, bayram günlərində bölgələrə səfər edən
vətəndaşların geri qayıdışını təmin etmək üçün region
avtovağzallarında da müvafiq şərait yaradılıb. 19-30 mart
tarixlərində bölgələrdən müxtəlif istiqamətlərə, o cümlədən Bakıya
18 000 reyslə 116 minə yaxın sərnişin daşınıb.
Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-i
biletlərini “biletim.az” portalı vasitəsilə onlayn alıb. Digər
günlərdə isə bu göstərici 35-40% təşkil edib ki, bu da rekord
nəticə sayılır.


