
Bakı. Trend:
Macarıstanın dəvəti əsasında Türk Dövlətləri Təşkilatı
çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri
səviyyəsində Budapeştdə səmərəli görüş təşkil olunub.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında paylaşım
edib.
H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDT-nin Qəbələ
Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın
sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud
qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın
əhəmiyyəti xüsusi vurğulanıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin TDT-nin əvvəlki
sammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhali
potensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsas
nəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi ilə
Avrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasi
mərkəzlərdən birinə çevrilib.


