Trampın imzası dollar əskinaslarında: ABŞ tarixində ilk

Baş səhifə

Bakı. Trend:

ABŞ-də kağız dollarların dizaynında mühüm dəyişiklik edilməsi
planlaşdırılır.

Trend xəbər
verir ki, ölkənin maliyyə naziri Skott Bessent bildirib ki, yeni
buraxılacaq əskinaslarda maliyyə naziri ilə yanaşı, Prezident
Donald Trampın da imzası yer alacaq.

Rəsmi açıqlamaya görə, bu, ABŞ tarixində ilk belə hal olacaq —
indiyədək dollar əskinaslarında yalnız xəzinədarın imzası olurdu.
Yeni seriyada isə bu ənənə ləğv ediləcək və 165 ildən sonra ilk
dəfə xəzinədarın imzası əskinaslardan çıxarılacaq.

Maliyyə naziri Skott Bessent bildirib ki, yeni əskinasların
buraxılışı Amerikanın bu il qeyd olunan 250 illiyinə təsadüf
edəcək. Onun sözlərinə görə, bu addım ölkənin iqtisadi
nailiyyətlərini və dolların qlobal mövqeyini simvolizə edir.




“Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ misilsiz iqtisadi
artıma və maliyyə sabitliyinə doğru irəliləyir. Onun adının dollar
əskinaslarında yer alması bu nailiyyətlərin ən aydın ifadəsidir”, —
deyə nazir vurğulayıb.

ABŞ xəzinədarı Brendon Biç də təşəbbüsü dəstəkləyərək bildirib
ki, Trampın ölkə iqtisadiyyatına töhfəsi “danılmazdır” və onun
imzasının milli valyutada əks olunması “tamamilə haqlıdır”.

“Reuters”in məlumatına görə, Donald Tramp və Skott Bessentin
imzası olan ilk 100 dollarlıq əskinasların iyun ayında çapına
başlanması planlaşdırılır.