Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya
arasındakı ticarət dövriyyəsi 499,979 milyon ABŞ dolları təşkil
edib.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata
görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 497,962
milyon ABŞ dolları və ya 49,9% azdır.

Hesabat dövründə Rusiyaya ticarət dövriyyəsi Azərbaycanın ümumi
xarici ticarətinin 7,98%-ni təşkil edib və Rusiya bu dövrdə
Azərbaycanla ən çox ticarət əməliyyatı aparan dövlətlər arasında
4-cü yeri tutub.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya ixrac
olunan məhsulların dəyəri 157,763 milyon ABŞ dolları olub. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 6,895 milyon ABŞ dolları və ya
təxminən 4,6% çoxdur. Beləliklə, Rusiya Azərbaycanın ən çox məhsul
ixrac etdiyi ölkələr arasında 4-cü yerdədir.




Eyni dövrdə Rusiyadan Azərbaycana ixrac olunan məhsulların
dəyəri 342,216 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü
ilə müqayisədə 504,857 milyon ABŞ dolları və ya təxminən 59,6%
azdır. Beləliklə, Rusiya Azərbaycanın idxal etdiyi məhsulların ən
çox həcmi olan ölkələr arasında 3-cü yerdədir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində
ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,6%
azdır.

Xarici ticarətin ümumi həcminin 3,665 milyard ABŞ dollarını
ixrac, 2,599 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir
ildə ixrac 1,101 milyard ABŞ dolları və ya 23,1%, idxal isə 1,539
milyard ABŞ dolları və ya 1,6 dəfə azalıb.

Nəticədə xarici ticarətdə 1,066 milyard ABŞ dolları həcmində
müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 438 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.