
Ağ Evin rəhbəri Donald Tramp İranın enerji infrastrukturuna zərbələr endirmək üçün son tarixi növbəti dəfə təxirə saldıqdan sonra neftin qiyməti aşağı düşüb.
“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Bir gün əvvəlki təxminən 6 faizlik artımdan sonra etalon “Brent” markalı neftin kotirovkaları 2 % ucuzlaşaraq bir barel üçün 106 dollar həddindən aşağı düşüb. Amerika etalonu olan WTI 1,2% dəyər itirərək bir barel üçün təxminən 93 dollar səviyyəsinə enib.
“Trampın addımları bazara olan qısamüddətli təzyiqi müəyyən dərəcədə zəiflədir, lakin risk balansı əvvəlkitək kotirovkaların yüksəlməsi istiqamətinə yönəlib”, – “ING Groep NV”nin xammal bazarları üzrə strateqi Eva Mantey nəşrə bildirib.
“Macquarie Group Ltd.” ekspertlərinin fikrincə, münaqişənin martın sonuna qədər başa çatması şansları təxminən 60 % təşkil etdiyi halda, onun, ehtimal ki, iyuna qədər uzanması ehtimalı 40 % olaraq qiymətləndirilirdi. İkinci ssenari reallaşacağı təqdirdə, neft kotirovkaları kəskin yüksələrək bir barel üçün 200 dollara çata bilər. “Bloomberg”in hesablamasına görə, martın əvvəlindən “Brent” üzrə fyuçerslər təxminən 47 % bahalaşıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini bəyan edib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə “Hizbullah” arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


