Almaniya Bundestaqı yanacaq qiymətlərinin artımına qarşı tədbirlər paketini qəbul edib

Baş səhifə

Bakı. Trend:

Almaniya parlamenti – Bundestaq Yaxın Şərqdəki qarşıdurma
nəticəsində yanacağın qiymətlərinin sürətlə artmasına qarşı ilk
tədbirlər paketini qəbul edib.

Trend xəbər verir
ki, paketə əsasən, yanacaqdoldurma məntəqələrində qiymət artımına
müvəqqəti olaraq gün ərzində yalnız bir dəfə – günorta saat
12:00-da icazə veriləcək.

Bununla tez-tez baş verən qiymət artımlarının qarşısının almaq
nəzərdə tutulur. Qiymətlərin aşağı salınması üçün heç bir
məhdudiyyət tətbiq olunmayacaq. Qaydanı pozanlar 100 min avroya
qədər cərimələnə bilər.




Bundan əlavə, qiymətlərlə bağlı şəffaflığın təmin olunması
məqsədilə rəqabət qanunvericiliyi sərtləşdirilib. Neft məhsulları
sektorunda fəaliyyət göstərən şirkətlər gələcəkdə qiymətləri kəskin
artırmaq istədikdə bunu əsaslandırmalı olacaq. Antiinhisar qurumuna
topdansatış bazarında qiymət artımlarına nəzarət etmək imkanı
verilir.

Qanun layihəsi hakimiyyətdə olan Xristian Demokratlar
İttifaqı/Xristian Sosialistlər İttifaqı bloku və Sosial Demokratlar
Partiyası ilə yanaşı, Yaşıllar Partiyası tərəfindən də
dəstəklənib.

Tədbirlər paketinin ən gec aprelin əvvəlində qüvvəyə minməsi və
bir ildən sonra yenidən qiymətləndirilməsi planlaşdırılır.