Türkiyə XİN Qara dənizdə tankerə dron hücumu ilə bağlı bəyanat yayıb

Baş səhifə

Bakı. Trend:

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı
Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Trend xəbər verir
ki, nazirlik xam neft daşıyan, “ALTURA” adlı, Sierra Leone bayrağı
altında üzən və türk şirkəti tərəfindən idarə olunan tankerin bu
gün Qara dənizdə hücuma məruz qalmasını böyük narahatlıqla
qarşıladığını bildirib.




Açıqlamada qeyd olunub: “Hücumla bağlı müvafiq qurumlarımız
tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır.
Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı
olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız
daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna
bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf
mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin
Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin
qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam
etdiririk”.

Bildirilib ki, bu çərçivədə Türkiyə bölgədəki iqtisadi
maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq hüquq
çərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.