Fərid Qayıbov UNESCO-da COP10 Bürosunun ilk rəsmi iclasına sədrlik edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid
Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda
Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu
Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.

Bu barədə Trend
Gənclər Və İdman Nazirliyindən məlumat verilib.

İclasda UNESCO-nun Baş direktorunun müavini (ADG) Lidiya Brito,
müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında
akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların
nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər
iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də
iclasa qatılıblar.

Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, Büronun
növbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobal
yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər
müzakirə olunub.

Büronun ilk rəsmi iclasından əvvəl gənclər və idman naziri Fərid
Qayıbov “İdmanda dopinqin kökünün kəsilməsi fondunun” Təsdiq
Komitəsinin ikinci rəsmi iclasında Büronu təmsil edib.

Qeyd edək ki, Fərid Qayıbov həmçinin Büroda təmsil etdiyi II
Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq
təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir
mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiya
Federasiyasının idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü
baş tutub.