
Bakı. Trend:
13-16 mart tarixlərində Quba İstirahət, İdman, Təlim və Tədris
Kompleksində təşkil olunan “Urban Hackathon 2026: Dayanıqlı Şəhər
Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb.
Trend xəbər verir
ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin
Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata
keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin
təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi
ilə baş tutub.
Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın
inteqrasiyası və “last-mile” problemləri kimi çağırışlara innovativ
və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi
gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin
gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail
olmaqdır.
Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən
çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində
layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal
nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər
platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.
Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə
modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert
mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik
tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.
Final mərhələsində komandalar layihələrini problemin
əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli,
iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim
ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı
əsasında qalibləri seçib və mükafatlandırıb.
“Urban Hackathon 2026” gənclərin şəhər inkişafında rolunu
gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və
çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma
rolunu oynayır.


