WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrini şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Aprelin 8-10-da Keniyanın paytaxtı Nayrobidə keçiriləcək 2-ci
Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev
sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam
etdirir.

Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, Xarici İşlər
Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq
İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan Hökuməti
AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50000 ABŞ
dolları məbləğində maliyyə töhfəsi edib.

Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər
inkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakı
səfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)
yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyə
töhfəsini rəsmiləşdirən sənəd imzalayıb.

İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarını
cavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinə
görə Azərbaycan hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibi
qismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraq
iştirakından məmnun olacaqlarını bildirib.

Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsində
əməkdaşlığın Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən
münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb,
iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səylərini
yüksək qiymətləndirib.

Qeyd edək ki, WUF13 ərəfəsində keçiriləcək AUF2 Keniya hökuməti,
UN-Habitat və Afrika İttifaqı tərəfindən təşkil olunur. Forumda
qitədən bir neçə dövlət başçısı, sahə üzrə çoxsaylı nazirlərin
daxil olduğu 10 mindən çox iştirakçı gözlənilir.

AUF2-da WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyevin iştirakı gözlənilir.
Eyni zamanda, sahə üzrə QHT-lərin əməkdaşlığını təmin etmək
məqsədilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin icraçı direktoru Aygün Əliyevanın da iştirakı nəzərdə
tutulur.