
Bakı. Trend:
Xam neft daşıyan Türkiyəyə məxsus “ALTURA” adlı tankeri İstanbul
boğazından 15 dəniz mil aralıda (Qara dənizdə) pilotsuz uçuş
aparatı (PUA) hücumuna məruz qalıb. İnsident nəticəsində gəminin
göyərtəsində və motorxanasında zədələnmə meydana gəlib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Rusiyadan yola çıxan tankerin göyərtəsində 140 min ton neft
daşınır.
Qara dənizdə açıq sularda baş verən hadisə zamanı güclü
partlayış qeydə alınıb. Tankerin kapitan körpüsündə zədələr
yaranıb. Həmçinin bildirilib ki, gəminin motorxanasına su sızmağa
başlayıb.
PUA-nın dəydiyi tanker SOS siqnalı verdikdən sonra hadisə yerinə
Sahil mühafizə xidmətinin xilasediciləri və bu kimi hallar üçün
nəzərdə tutulmuş geniş imkanlara malik “Nene Hatun” təcili müdaxilə
gəmisi göndərilib.
Gəmidə müdaxilə işləri davam edərkən, hadisənin planlaşdırılmış
hücum olub-olmaması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən
hələlik açıqlama verilməyib.
Heyət üzvlərindən xəsarət alan olmayıb.


