İran ABŞ-ın sülh planını rədd edib, 5 şərtini açıqlayıb – dövlət mediası

Baş səhifə
Hörmüz boğazından keçən bir neft tankeri

Şəklin mənbəyi, Reuters

Oxuma vaxtı: 6 dəq

ABŞ və İsrailin İranla müharibəsinin 26-cı günü:

  • İran tərəfi bildirir ki, “düşmən olmayan gəmilərin” Hörmüz boğazından keçməsinə icazə veriləcək, BBC-nin diplomatiya üzrə müxbiri Paul Adams yazır.
  • İran ordusu deyib ki, ABŞ “özüylə danışıqlar aparır”.
  • Trampın 15 maddəlik sülh planında nələrin olduğu bildirilir?

Bu və digər xəbərləri aşağıda oxuyun.

İran ABŞ-ın sülh planına “mənfi cavab verib” – dövlət televiziyası

İran dövlət televiziyası Press TV “yüksək vəzifəli siyasi-təhlükəsizlik rəsmisi”nə istinadən bildirib ki, İran ABŞ-ın hazırki müharibəyə son qoyacaq təklifini rədd edib.

Press TV rəsminin adını çəkməyib, amma ona istinadən bildirib ki, “İran müharibəni bitirmək qərarına gəldikdə və öz şərtləri yerinə yetirildikdə başa çatdıracaq.”

İran rəsmiləri dəfələrlə deyiblər ki, onlara tək atəşkəs deyil, müharibəyə tam son qoymaq istəyirlər.

Press TV-nin məlumatına görə, rəsmi 5 şərti açıqlayıb:

  • Düşmənin “təcavüz və sui-qəsdlərin” tam dayandırılması
  • İslam Respublikasının yenidən müharibəyə cəlb edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması
  • Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi
  • Müharibənin bütün cəbhələrdə və regionda iştirak edən bütün müqavimət qrupları üçün başa çatması
  • İranın Hörmüz boğazı üzərində hakimiyyəti həyata keçirmək suveren hüququ ilə bağlı beynəlxalq səviyyədə tanınma və zəmanətlər

Press TV bildirir ki, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparır, lakin Tehran təklifləri “həddindən artıq” hesab edir.

İran ABŞ qoşunlarının hərəkətini “diqqətlə izləyir” – Parlament sədri

İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf

Şəklin mənbəyi, Reuters

İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibaf bildirib ki, İran “ABŞ-ın bölgədəki bütün hərəkətlərini, xüsusən də qoşun yerləşdirmələrini yaxından izləyir”.

O, sosial media paylaşımında bildirib: “Torpağımızı müdafiə etmək əzmimizi sınağa çəkməyin”.

BBC-nin ABŞ tərəfdaşı olan CBS News-a görə, Pentaqonun 82-ci Hava-Desant Diviziyasından – quru qüvvələri və komandanlıq elementi də daxil olmaqla – qoşun göndərməsi gözlənilir.

İranın siyasi elitası niyə hələ süqut etmir?

Qönçə Həbibzadə

BBC News Farsca

İran

Şəklin mənbəyi, Reuters

Demək olar ki, müharibə başlayandan bir ay keçib və İranın Ali Lideri, Ayətullah Əli Xamenei 28 fevralda öldürülüb.

İranda danışdığım bəzi insanlar müharibənin həmin gün bitəcəyini gözləyirdilər, amma belə olmadı. İran hakimiyyəti isə hələ də yerindədir.

İran ölkəni idarə etmək üçün çox mürəkkəb bir sistemə malikdir.

Ali Lider ən yüksək səlahiyyəti əlində saxlamasına baxmayaraq, paralel bir dövlət – formal hərbi mandatdan qat-qat geniş səlahiyyətləri olan qurum, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH/IRKK) da var.

Bu müharibə zamanı və ötən yaydakı toqquşmalarda bir neçə yüksək rütbəli SEPAH komandiri öldürülüb.

Amma onlar dəfələrlə bildiriblər ki, öldürülən hər bir şəxs üçün yerini tutmağa hazır olan başqa biri var.

SEPAH həmçinin təxminən bir milyon üzvü olan könüllü milis – Bəsici də nəzarətində saxlayır. Onlar tez-tez küçələrdə etirazları zorla yatırmaq üçün səfərbər edilirlər.

İsrail bəzi Bəsic postlarını hədəf aldığını bildirib, lakin bu həftə Tehrandan eşitdiklərimə görə, bu qüvvələr şəhərdə hələ də çox fəal şəkildə fəaliyyət göstərir, maşınları saxlayır və axtarışlar aparırlar.

Etirazlara gəldikdə isə, ölkə daxilində insanlar İran hakimiyyəti tərəfindən – bəyanatlar və ya kütləvi SMS-lər vasitəsilə – küçələrə çıxmamaq barədə hədələniblər.

İnternet də ciddi şəkildə məhdudlaşdırılıb: bu da etirazçıların koordinasiyasını olduqca çətinləşdirir.

İndiyədək müharibə başlayandan bəri ölkədə hökumət əleyhinə kütləvi etirazların baş qaldırdığını görməmişik, baxmayaraq ki, dövlət mediası müxtəlif şəhərlərdə hər gecə hakimiyyət tərəfdarlarının mitinqlərini göstərir.

Amma hələ ki, ictimaiyyət qarşısına çıxmayan bir nəfər var – martın əvvəlində hakimiyyətə gələn İranın Ali Lideri Müctəba Xamenei.

Bu vaxtadək İran mediasında ondan yalnız bir neçə yazılı mesaj görmüşük. İsrail onu hədəf alacağını bəyan etmişdi.

İran hakimiyyəti liderləri dəyişdirib nəzarəti gücləndirsə də, hələ sübut etməlidir ki, xalqı hazırda görünən güc qüvvələri vasitəsi ilə yox, səlahiyyətlilər tərəfindən idarə edir.

Ekspert: kimin raketlərlə vurulacağını əlaqələndirəcək “mərkəzi fiqur yoxdur”

Amerika İran Şurasının prezidenti Huşəng Əmirəhmədi BBC-yə bildirib ki, Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsi ölkə daxilindəki məmurlar arasında güc strukturunu genişləndirib.

Xamenei “şaquli güc strukturu” olduğu üçün onun ölümü mərkəzi gücün dağılmasına və rəhbərliyin aşağı vəzifəli məmurlar arasında yayılmasına səbəb olub.

BBC Radio 4-ün “Today” proqramına danışan o bu gücün “xüsusilə orduda” olduğunu söyləyir.

O, əlavə edir ki, kimin raketlərlə vurulacağını əlaqələndirəcək “mərkəzi fiqur yoxdur”.

Əmirəhmədi deyir ki, hakimiyyətin yerlərdə gücü yoxdur və buna görə də indi bu yeni nəzarət səviyyəsinə sahib olan zabitlərdən qorxur.

İran: Hörmüzdən keçmək üçün “səlahiyyətli İran hakimiyyəti” ilə əlaqə saxlayın

Paul Adams

BBC-nin diplomatiya üzrə müxbiri

İran tərəfi bildirir ki, “düşmən olmayan gəmilərin” Hörmüz boğazından keçməsinə icazə veriləcək.

Bunu İranın BMT-dəki missiyası elan edib və şərt olaraq da keçəcək gəmilərin “səlahiyyətli İran hakimiyyəti” ilə əlaqə saxlamasını bildirib.

Bu ismarıc son günlərdə yaranan bir vəziyyəti aydınlaşdırır ki, Hörmüz boğazından gəmilərini keçirmək istəyən ölkələr və ya şirkətlər dünyanın ən vacib gəmiçilik yollarından birindən keçərkən təhlükəsiz keçid üçün sakitcə danışıqlar aparmalıdırlar.

İranın BMT missiyası X platformasındakı paylaşımında yazıb ki, gəmilərin “İrana qarşı təcavüz aktlarında iştirak etməməsi, hücumları dəstəkləməməsi və elan edilmiş təhlükəsizlik və mühafizə qaydalarına tam əməl etməsi” şərtinə də əməl olunmalıdır.

Ayın əvvəlindən bəri Hörmüz boğazından uğurla keçən gəmilər arasında Çin, Hindistan və Pakistana məxsus olan gəmilər var.

İran tərəfi təklif edir ki, keçmək istəyən gəmilər Omana yaxın iki dar tranzit dəhlizindən istifadə etmək əvəzinə, Larak adasının şimalındakı İran ərazi sularından keçərək şimala doğru istiqamətlərini dəyişməlidirlər.

Hörmüz boğazı ətrafında olan ölkələr
Şəklin alt yazısı, Hörmüz boğazı ətrafında olan ölkələr

Bu da İran hakimiyyətinə nəqliyyatın hərəkətini izləməyə və idarə etməyə imkan verəcək.

Hörmüz boğazından keçmək azadlığı məsələsi, Ağ Evin Pakistan vasitəsilə İrana göndərdiyi müharibəni bitirmək barədə olan 15 maddəlik planda əsas hissəni təşkil edir.

Həmin plan ABŞ və İsrail mediası tərəfindən yayılıb və müharibəyə son qoymaq üçün təklif olunduğu deyilir.

Lakin görünən odur ki, razılaşma əldə olunana qədər İran bu əhəmiyyətli su yolu üzərində mümkün qədər çox nəzarəti davam etdirəcəyini açıq şəkildə bildirir.

İran ordusu Trumpa deyir ki, siz özünüzlə danışıqlar aparırsınız

İranın əsas hərbi komandanlığı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü (ABŞ və Trumpın adını çəkmədən) “özünü qlobal supergüc elan edən”dən danışıb və “məğlubiyyətinizi razılaşma adlandırmayın” deyib.

Ebrahim Zülfəqari bu gün İran mediasında yayımlanan video mesajında bildirib ki, “daxili münaqişənizin səviyyəsi özünüzlə danışıqlar aparacağınız nöqtəyə çatıbmı?”

Zülfəqari deyib: “Bölgədəki sabitliyin silahlı qüvvələrimizin güclü əli ilə təmin olunduğunu anlayana qədər nə regiona investisiyalarınızı, nə də əvvəlki enerji və neft qiymətlərini bir daha görməyəcəksiniz. Sabitlik gücdən qaynaqlanır”.

O əlavə edib ki, “bizim kimi biri sizin kimisiylə heç vaxt barışmayacaq. Nəinki indi, heç vaxt”.

ABŞ Prezidenti Donald Trump martın 24-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda onun administrasiyası İranda “doğru insanlarla danışıqlar aparır” və iranlı rəsmilər razılığın əldə olunmasını “çox istəyirlər”.

Trampın 15 maddəlik sülh planında nələrin olduğu bildirilir?

ABŞ Prezident Trumpın İrana göndərdiyini iddia etdiyi 15 maddəlik planını hələ görməmişik. Planda nələrin ola biləcəyi ilə bağlı rəsmi təsdiq yoxdur. Lakin bəzi detallar İsrail və ABŞ mediasında dərc olunub.

İsrailin 12-ci Kanalı xəbər verir ki, plana aşağıdakı tələblər daxildir:

  • Natanz, İsfahan və Fordodakı nüvə obyektləri istifadədən çıxarılacaq və məhv ediləcək
  • İrandakı fəaliyyətlərə şəffaflıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) buna nəzarəti
  • İran bölgədə silahlı qüvvələrin istifadəsindən imtina edəcək və regional filiallarının maliyyələşdirilməsini və silahlandırılmasını dayandıracaq
  • Artıq yığılmış nüvə potensialının sökülməsi
  • Nüvə silahlarına heç vaxt nail olmağa çalışmamaq öhdəliyi
  • İran torpağında heç bir nüvə materialı zənginləşdirilməyəcək və bütün zənginləşdirilmiş materiallar BAEA-ya təhvil veriləcək
  • Hörmüz boğazı açıq qalacaq və “azad dəniz zonası” təşkil edəcək
  • İranın raketləri gələcək qərara tabe olacaq, lakin onlar miqdarı və mənzili baxımından məhdud olacaq və yalnız özünümüdafiə məqsədləri üçün nəzərdə tutulacaq

Plan çərçivəsində İran nə alacaq:

  • Buşehrdə elektrik enerjisi istehsalı üçün mülki nüvə layihəsinin hazırlanmasında Amerikanın köməyi
  • Bütün sanksiyaların aradan qaldırılması
  • Sanksiyaların yenilənməsi təhlükəsinin aradan qaldırılması

Müzakirələr aparılarkən bir aylıq atəşkəsin mümkünlüyü barədə də məlumatlar var, amma bu, təsdiqlənməmiş məlumatdır, Ağ Ev tərəfindən heç bir təfərrüat verilməyib.