
Bakı. Trend:
Bakıya yeddi dəfə gəlmişəm. İlk səfərim 2002-ci ildə olub və o
vaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildə
isə Qarabağ səfərləri ilə əlaqədar bura daha tez-tez gəlmişəm.
Trend xəbər verir
ki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis
“NomadMania” klubunun illik toplantısı çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
“Qarabağa üç dəfə səfər etmişəm, sabah yenidən gedəcəyəm və bu,
dördüncü səfərim olacaq. İlk dəfə getdiyimiz dövrlə müqayisədə,
yəni hər yerin xarabalıq vəziyyətində olduğu vaxtla, hazırda
aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir.
Sonuncu səfərimizdə Füzulidə insanların yenidən məskunlaşdırılması
üçün çoxlu binaların inşa edildiyini gördük. Yol şəbəkəsi də
diqqətimi çəkdi”, – deyə o bildirib.
Hari Mitsidis bildirib ki, Qarabağda üç hava limanının tikilməsi
isə olduqca qeyri-adi və unikal haldır.
“Laçında yeni hotelin olması da diqqətçəkəndir, sabah orada
qalacağıq. Bütün bunlar göstərir ki, Qarabağa böyük həcmdə
investisiya yatırılır. Hər səfərdə yeni dəyişikliklər görmək
maraqlıdır. Sabah tezdən Bakını tərk edəcəyik. İlk olaraq Ağdama
gedəcəyik, orada müəyyən vaxt keçirib görülən işlərlə tanış
olacağıq. Daha sonra Şuşaya, ordan isə Xankəndiyə yollanacağıq.
Naharımız Xankəndidə olacaq və günün sonunda Laçına çatacağıq.
Ertəsi gün Laçını gəzəcəyik. Məncə, Laçın Azərbaycanın coğrafi
baxımdan ən gözəl yerlərindən biridir.Daha sonra Zəngəzur
dəhlizinin başlanması nəzərdə tutulan nöqtəyə gedəcəyik və
düşünürəm ki, ora gedən ilk xarici qrup biz olacağıq. Bu, bizim
üçün çox maraqlı olacaq. Qayıdarkən isə Cəbrayılda, bəlkə də
Füzulidə dayanacağıq. Qarşıdakı iki gün üçün marşrutumuz əsasən
bundan ibarətdir”, – deyə o qeyd edib ki.
“NomadMania”nın təsisçisinin fikrincə, bu səfər əvvəlkilərlə
müqayisədə daha qısa olacaq: “İndiyədək biz həmişə iki gecə
qalırdıq, amma Qarabağın özündə deyil, ətraf ərazilərdə. Uyğun
yerləşmə imkanları yox idi, bəzən hərbi düşərgədə qalmalı olurduq.
Bu dəfə səfər daha qısa olsa da, daha rahat keçə bilər, çünki
hotellərdə qalacağıq. Marşrut baxımından bir çox yerləri görmüşük,
amma Xankəndini yetərincə yaxından tanımamışıq. Ümid edirəm ki, bu
dəfə ora daha ətraflı baxmaq imkanı olacaq. Zəngəzur dəhlizi isə
bizim üçün xüsusi maraq kəsb edir və şəxsən mənim ən çox diqqət
yetirdiyim məqamlardan biridir”, – deyə Hari Mitsidis əlavə
edib.


