
Bakı.Trend:
Qarabağa səfər etmək maraqlıdır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari
Mitsidis “NomadMania” klubunun illik toplantısında çıxışında
deyib.
O qeyd edib ki, Qarabağ uzun müddət kifayət qədər araşdırılmamış
region kimi qalıb və son illərdə əsasən təhlükəsizlik səbəbindən
xarici ziyarətlər üçün qapalı olub.
Mitsidisin sözlərinə görə, təşkilat üzvləri adətən çətin və az
tanınmış istiqamətlərə maraq göstərir: “Belə bölgələr müəyyən
çağırışlar yaradır və biz hesab edirik ki, onları görmək
dəyərlidir”.
Hari Mitsidis Qarabağın tarixi, Birinci və İkinci Qarabağ
müharibələri, işğal dövründə yaşayış məntəqələrinin dağıdılması,
Xocalı soyqırımı və yüz minlərlə azərbaycanlının məcburi köçkünə
çevrilməsi barədə iştirakçılara ətraflı məlumat verib.
O bildirib ki, səfər zamanı iştirakçılar həm dağıntıları, həm də
aparılan bərpa işlərini yerində müşahidə edə biləcəklər.
Toplantıda “Şuşa 2026” adlı ekspedisiya layihəsi haqqında da
məlumat təqdim olunub.
Qeyd edilib ki, layihə çərçivəsində xarici səyyahlardan ibarət
qrupun işğaldan azad edilmiş ərazilərə səfəri planlaşdırılır.
Ekspedisiya iştirakçılarının Ağdam, Şuşa, Xankəndi və Laçına
səfər edərək bölgənin tarixi, mədəni irsi və yenidənqurma prosesi
ilə yaxından tanış olmaları nəzərdə tutulur.
Layihənin əsas məqsədi Azərbaycanın turizm imkanlarını
beynəlxalq auditoriyaya təqdim etmək və Qarabağ regionuna marağı
artırmaqdır.


