Bakı. Trend:
Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik riskləri ilə
əlaqədar Yaxın Şərq istiqamətində bir sıra uçuşları uzun müddətə
dayandırıb.
Trend xəbər verir
ki, şirkət Abu-Dabi, Əmman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Muskat
və Tehran hava limanlarına reyslərin oktyabrın 24-dək həyata
keçirilməyəcəyini açıqlayıb. Qərarın İranla bağlı hərbi gərginlik
və əməliyyatlarla əlaqədar olduğu bildirilib.
Məhdudiyyətlər “Lufthansa” qrupu daxilində fəaliyyət göstərən
“Swiss”, “Austrian Airlines”, “Brussels Airlines”, “ITA Airways”,
“Edelweiss” və “Lufthansa Cargo” şirkətlərinə də aiddir. Qrupun
digər törəmə şirkəti “Eurowings” isə Beyrut və Ərbil
istiqamətlərində uçuşları ilkin olaraq aprelin 30-dək
dayandırıb.
Bundan əlavə, Dubay və Təl-Əviv istiqamətlərinə uçuşlar mayın
31-dək həyata keçirilməyəcək. “Lufthansa Cargo”nun yük reysləri və
“Eurowings”in Təl-Əvivə sərnişin uçuşları isə ilkin mərhələdə
aprelin 30-dək dayandırılıb.
Aviaşirkət regiondakı vəziyyəti yaxından izlədiyini və
qərarların duruma uyğun olaraq yenilənəcəyini açıqlayıb.

