
Bakı. Trend:
Martın 20-də İsveçrə parlamentinin Milli Şurasında (aşağı
palatada) “Cenevrə kantonu 24.321: Dağlıq Qarabağın ilhaqı.
Azərbaycanda siyasi məhbusların azad edilməsi” adlı kanton
təşəbbüsü müzakirə olunub.
Trend xəbər verir ki, Milli
Şura bu təşəbbüsü böyük səs çoxluğu ilə – 108 səsə qarşı 33 səslə
rədd edib. İsveçrə parlamentinin Senatı (yuxarı palata) bu
təşəbbüsü hələ ötən il rədd etdiyindən məsələ bağlanmış hesab
olunur və artıq yenidən müzakirəyə çıxarıla bilməz.
Bundan əlavə, ötən il Senatın xarici əlaqələr komitəsində bu
məsələ müzakirə edilərkən, Azərbaycan-Ermənistan münasibətlərinə
dair mövzuların gündəmə gətirilməməsi çağırışı səsləndirilib.
Bildirilib ki, bu cür müzakirələr regionda uğurlu sülh prosesinə
zərbə vurur.
Beləliklə, İsveçrədə erməni diasporunun ölkənin qanunverici
orqanında hər hansı nəticə əldə etmək istiqamətində son cəhdi
uğursuzluqla nəticələnib.
Bununla belə, daşnakların açıq təsiri altında olan yerli erməni
təşkilatları Ermənistanda seçki ili ilə əlaqədar müxtəlif təbliğat
aksiyalarından istifadə etməyə davam edir və Paşinyan
hakimiyyətinin əsas üstünlüyü sayılan sülh prosesini zəiflətməyə
çalışırlar.
Belə ki, martın 18-də Cenevrə Mətbuat Klubunda “Beynəlxalq
Xristian Həmrəyliyi” (CSI), “İsveçrə-Ermənistan Assosiasiyası”
(l’Association Suisse Arménie), “Erməni Hüquqlarının Müdafiəsi
Cəbhəsi” və özünü “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının
müdafiəsi komitəsi” kimi təqdim edən qurum tərəfindən “İsveçrə,
SOCAR və Cənubi Qafqaz: Dağlıq Qarabağ üzrə İsveçrə sülh
təşəbbüsünün ildönümü” mövzusunda mətbuat konfransı təşkil
olunub.
Tədbirdə SOCAR Trading şirkətinə qarşı şikayət səsləndirilib və
iddia olunub ki, şirkət kommersiya fəaliyyəti vasitəsilə guya
“Dağlıq Qarabağ regionundan erməni əhalinin çıxarılmasına” görə
məsuliyyət daşıyan dövləti maliyyələşdirib.
Bu, ölkədə erməni revanşist qüvvələrinin SOCAR-ın İsveçrədəki
fəaliyyətinə qarşı yönəlmiş ilk hücumu deyil. Əvvəlkilər kimi, bu
təşəbbüsün də uğursuzluğa məhkum olduğu qeyd olunur. Lakin bunun
Ermənistanda seçkilərə qədər müəyyən təbliğat effekti yarada
biləcəyi istisna edilmir. Müstəqil müşahidəçilərin fikrincə,
sözügedən “şikayət” daha çox seçki xarakteri daşıyıb və heç bir
hüquqi öhdəlik yaratmayıb.
Eyni tədbirdə qeyd olunub ki, bir il əvvəl İsveçrə hökuməti
Federal Məclisin (parlamentin) Azərbaycan, Ermənistan və “Dağlıq
Qarabağ xalqının nümayəndələri” arasında guya “sülh forumu”nun
keçirilməsi ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib. Hər
iki dövlətin belə bir təşəbbüsdə iştirak etmək istəməməsi
səbəbindən bu qərarın verildiyi bildirilib. İsveçrə hökumətinin
ABŞ-ın dəstəyi ilə aparılan real sülh prosesi əvəzinə Alp
dağlarında hansısa “forum”un keçirilməsi təşəbbüsünü qətiyyətlə
rədd etməsi tədbir iştirakçılarının narazılığına səbəb olub.
Qeyd edək ki, əvvəlki oxşar tədbirlərdə İsveçrə parlamentinin
üzvləri iştirak etdiyi halda, bu dəfə deputatlar erməni
revanşistləri və radikal xristian qruplarının toplantısını
görməzdən gəliblər.


