Bakı. Trend:
“British Airways” aviaşirkətinə məxsus təyyarə göyərtədə ölən
sərnişinlə 13 saatdan artıq uçuş həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti məlumat
yayıb.
Məlumata görə, təxminən 60 yaşlarında olan qadın sərnişin
Honkonqdan Londona uçan reysin ilk saatında vəfat edib. Buna
baxmayaraq, ekipaj geri qayıtmaq əvəzinə uçuşu Londonun Hitrou hava
limanına qədər davam etdirməyə qərar verib.
Bildirilir ki, ekipaj meyitin yerləşdirilməsi ilə bağlı çətinlik
çəkib. Qadının cəsədini tualetə qoymaq təklifi rədd edildikdən
sonra göyərtə bələdçiləri onu yorğana bükərək təyyarənin arxa
hissəsinə aparıblar. Daha sonra məlum olub ki, həmin bölmə
qızdırılır, bu da vəziyyəti daha da çətinləşdirib.
Təyyarə enişə yaxın sərnişinlər və ekipaj arxa hissədən yayılan
xoşagəlməz qoxunu hiss ediblər.
Hitrouya endikdən sonra polis təyyarəni qarşılayıb və araşdırma
apararkən 331 sərnişin və ekipaj üzvü təxminən 45 dəqiqə yerlərində
qalmağa məcbur olub.
Rəsmi şikayət qeyd olunmasa da, hadisə ekipaj üzvlərinə ciddi
təsir göstərib və bəziləri işdən məzuniyyət götürərək özlərinə
gəlməyə çalışıblar.

