Yeraltı bazalarına zərbələrdən sonra İranın Hörmüz boğazında təhdid olmaq potensialı “zəifləyib”

Baş səhifə
hörmüz hörmüz boğazı iran oman qatar

Şəklin mənbəyi, Getty

Oxuma vaxtı: 7 dəq

ABŞ və İsrailin İrana qarşı müharibəsinin iyirmi ikinci günü:

  • ABŞ Mərkəzi Komandanlığı bildirir ki, bu həftə yeraltı İran hərbi obyektinə endirilən hava zərbələrindən sonra Tehranın Hörmüz boğazında gəmilər üçün təhdid olmaq qabiliyyəti zəifləyib.
  • ABŞ dənizdə qalmış İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti qaldırır.
  • Xamenei deyib ki, Türkiyə və Omana qarşı hücumlar İran və ya onun müttəfiqləri tərəfindən törədilməyib.
  • Tramp deyir ki, ABŞ İranda müharibəni “bitirməyi” nəzərdən keçirir, lakin Hörmüz boğazını digər ölkələr də qorumalıdır.

Bu və digər xəbərləri aşağıda oxuyun.

ABŞ Mərkəzi Komandanlığı bildirir ki, bu həftə yeraltı İran hərbi obyektinə endirilən hava zərbəsindən sonra Tehranın Hörmüz boğazında gəmilər üçün təhdid olmaq imkanları zəifləyib.

İran Diego Garcia hərbi bazasına iki raket atıb, lakin hədəfə dəyməyib. BBC-dən Jonathan Beale isə İran raketlərinin Dİego Garsiaya çatıb-çatmayacağı imkanlarını sorğulayır.

“İran raketlərinin Diego Garcia-ya çata bilməsi hələ də şübhəlidir. Baza İrandan 3800 kilometr uzaqlıqdadır. İranın məlum ən uzun mənzilli raketlərinin – Xorrəmşəhrin gedə biləcəyi məsafə təxminən üç min kilometrdir.

İndiyədək İranın ən çox iki min kilometr uzaqlığa çatan orta mənzilli ballistik raketlərə sahib olduğu düşünülürdü.

ABŞ və İsrail ötən il İranın uzun mənzilli raket istehsalını hədəfə alıb. Hazırda İranın qalan raket arsenalının çoxu qısa mənzilli ballistik raketlərdir. Son həftələrdə İsrail və Körfəz ölkələrinə atılan raketlər də məhz bu tipdədir. Bu gün atıldığı bildirilən iki raketin hədəfə çata bilməsi barədə heç bir sübut yoxdur”, – Beale yazıb.

İranda yeni il qeyd olunsa da, sakinlərdən bəziləri bayram əhvalını hiss etmədiklərini deyirlər.

İran, həmçinin, Natanz nüvə obyektinin yenidən hədəf alındığını açıqlayıb, lakin ətraf üçün təhlükə olmadığını bildirib. 2025-ci ilin İyun ayında da İsrail Natanz nüvə yatağını vurmuşdu və obyekt zərər görsə də, radiasiya səviyyəsinin artmadığı bildirilirdi.

Bu arada, MAQATE bildirir ki, İsrailin cənubundakı Negev nüvə mərkəzi yaxınlığında raket hücumu baş verib, lakin mərkəzin zərər gördüyünə dair heç bir sübut yoxdur və radiasiya səviyyəsində artım qeydə alınmayıb.

Agentliyin rəhbəri Rafael Qrossi nüvə obyektləri yaxınlığında xüsusilə maksimum hərbi təmkin göstərilməsinin vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri Əraqçı deyib ki, Tramp “müharibəni azaltmaqdan” danışsa da, ABŞ-ın təcavüzü dayandırmağa hazır olduğu görünmür.

Bu gün İİKK-nın Hava‑Kosmik Qüvvələrinin komandanı bildirib ki, İran gecə saatlarında İsrailə daha çox raket atacaq.

Seyid Məcid Musəvi X platformasında yazıb:

“Bu andan etibarən İran oğullarının (qüvvələrinin) işğal olunmuş ərazilərin səması üzərində raket üstünlüyünü elan edirəm”.

O əlavə edib ki, “yeni taktika və buraxılış sistemləri” ABŞ və İsraili “heyrətə salacaq”.

Yeraltı bazalarına zərbələrdən sonra İranın Hörmüz boğazında təhdid olmaq imkanları “zəifləyib”

ABŞ Mərkəzi Komandanlığı bildirir ki, yeraltı silah anbarına endirilən hava zərbəsindən sonra İranın Hörmüz boğazında gəmilərə təhdid yaratmaq qabiliyyəti zəiflədilib.

ABŞ Mərkəzi Komandanlığının komandanı, admiral Bred Kuper X platformasında paylaşdığı video müraciətində deyib ki, tək İranın hərbi bazası yox, gəmi hərəkətini izləmək üçün istifadə olunan kəşfiyyat və radar sistemləri də məhv edilib.

ABŞ həmçinin indiyədək İranda 8 mindən çox hərbi hədəfə, o cümlədən 130 İran gəmisinə zərbə vurduğunu açıqlayıb.

ABŞ dənizdə qalan İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti qaldırdığını açıqlayıb

scot bessent abş maliyyə naziri abş dənizdə qalmış iran neftinə sanksiyaları qaldırıb

Şəklin mənbəyi, Reuters

ABŞ Maliyyə Nazirliyi hazırda dənizdə qalan İran neftinə tətbiq olunan sanksiyaların müvəqqəti olaraq qaldırıldığını açıqlayıb. Bu addım, neftin əksər ölkələrə satılmasına imkan verəcək və məqsəd qlobal neft qiymətlərinin artmasının qarşısını almaqdır.

Cümə günü X sosial mediasında paylaşılan açıqlamada Maliyyə naziri Scott Bessent bildirib ki, bu “qısamüddətli icazə” təxminən 140 milyon barrel İran neftinin qlobal bazarlara daxil olmasına şərait yaradacaq.

Bessent deyib ki, İran bu satışdan əldə ediləcək gəlirə asanlıqla çıxış edə bilməyəcək.

Nazir əlavə edib ki, verilən icazə yalnız artıq yolda olan neftə aiddir və yeni alışlar və ya yeni istehsal üçün keçərli deyil.

“Əslində, qiymətləri aşağı saxlamaq üçün İran neftini Tehranın özünə qarşı istifadə edəcəyik”, o vurğulayıb.

Müharibə başladıqdan və İranın Yaxın Şərqdə enerji infrastrukturlarını hədəf alan hücumlarından sonra neft və qaz qiymətləri kəskin şəkildə artıb.

Brent markalı neftin qiyməti hazırda bir barel üçün təxminən 112 dollar səviyyəsindədir, bu, cümə günü 3 faiz, son bir ildə isə 53 faiz artım deməkdir.

Ekspertlər ABŞ-ın sularda qalan İran neftinə sanksiyaları müvəqqəti olaraq qaldırması qərarının qiymətlərə təsirinin məhdud olacağını, hətta İran rejiminə əlavə vəsait axınını artıra biləcəyini bildirirlər, BBC-dən biznes müxbiri Natalie Sherman yazıb.

Müharibə nəticəsində gəmiçiliyə və istehsala dəyən ziyana görə, dünyada enerji qiymətləri sürətlə bahalaşır.

Müharibədən əvvəl İrandan ixrac olunan neftin əsas alıcısı Çin idi. ABŞ və digər ölkələrin sanksiyalarına görə, Tehran nefti Pekinə ucuz böyük endirimlə satıb.

Dünyada günlük istehlak olunan 100 milyon barel neftin təxminən beşdə biri adətən İran sahilləri boyunca uzanan Hörmüz boğazı vasitəsilə global bazara çıxıb. Lakin fevralın sonundan – müharibə başlayandan bəri boğazda gəmi hərəkəti demək olar ki, tam dayanıb. Ora hansı gəminin girib, hansının çıxacağına yalnız İran qərar verir.

Bəzi neft yükləri alternativ marşrutlara yönləndirilsə də, ekspertlər hesab edir ki, münaqişə qlobal neft təchizatının təxminən 10 faizini bazardan çıxarıb.

“İran və Qətərin birgə işlədiyi böyük qaz yatağına qarşı qarşılıqlı zərbələr isə hətta müharibə yaxın zamanda bitsə belə gələcək illərdə yanacaq hasilatı və ixrac gücünün məhdudlaşa biləcəyi narahatlığını artırır”, Sherman vurğulayır.

Körfəzdə kritik vəziyyət: münaqişə bu məqamda “sakitləşə də” bilər, “pisləşə də”

iran körfəz hörmüz boğazı

Şəklin mənbəyi, Getty Images

Münaqişə dördüncü həftəsinə qədəm qoyarkən Yaxın Şərq boyunca zərbələr davam edir. Bağdadda ABŞ diplomatik obyektlərindən birində böyük yanğın qeydə alınıb.

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner izah edir ki, Körfəz hazırda kritik nöqtədədir və hadisələr burada iki yönə də inkişaf edə bilər.

“Münaqişə burada sakitləşməyə başlaya da bilər. Çünki Hörmüz boğazını açmaq və qaz və neftin daşınmasına imkan verilməsi və dwnyan;n bu bölgəsində raket zərbələrinin dayandırılması üçün beynəlxalq təzyiq çox yüksəkdir və lakin hadisələrin gedişatına görə pisləşə də bilər. Bölgəyə 2500 dəniz piyadasının gətirilməsi fonunda heç kim bilmir ki, Prezident Trumpın niyyəti nədir? Bir də Səudiyyə Ərəbistanı var, hansı ki, İran raketlərinin onların infrastrukturunu hədəf alan zərbələrindən bezib və səbrləri tükənmək üzrədir və üstəlik onlar bu müharibədə tərəf olmadıqlarını bəyan ediblər”.

Gardner vurğulayır ki, indi vəziyyətin hansı istiqamətə doğru inkişaf edəcəyi hələ də aydın deyil. Hadisələrin axarı pisə doğru da inkişaf edə bilər. Hələ ki, bölgədə gərgin vaxtlardır. Lakin əhali burada hər şeyə rəğmən bayramı qeyd etməyə çalışır.

Regiondan son yeniliklər bunlardır:

ABŞ mediası yazır ki, İran Hind okeanındakı ABŞ‑Böyük Britaniya birgə hərbi bazası olan Diego Garciaya iki ballistik raket atıb. Hazırda bu barədə rəsmi təsdiq yoxdur. BBC bununla bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyinə müraciət edib. Pentaqon isə sorğulara “verəcək məlumatımız yoxdur” cavabı verib.

İsrail bildirir ki, qüvvələri Cənub Livanda İrana bağlı Hizbullah qruplaşması ilə toqquşub və dörd nəfəri öldürüb.

Livan mediası isə İsrail ordusunun Beyruta iki hava hücumu həyata keçirdiyini yazır. Hizbullah isə İsrailin Rosh Pinna şəhəri yaxınlığındakı Filon bazasına raket zərbələri endirdiyini iddia edir.

“Cənubi Koreya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə “uyğun tədbirlərlə töhfə verməyə hazır olduğunu” bildirən bəyanata qoşulan ən son ölkə olub. Bu isə ABŞ Prezidenti Tramp üçün qələbəyə gedən yolda ən böyük maneələrdən biri ola bilər”, BBC-dən Jacob Phillips yazır.

Trampın tonundakı dəyişiklik Hörmüz boğazının təkcə ABŞ tərəfindən həll edilə bilməyəcəyinin qəbul edildiyini göstərir

BBC-nin Şimali Amerika müxbiri Simi Jolaoso yazır ki, Prezident Tramp Hörmüz boğazına görə yaranan strateji çıxılmaz vəziyyətlə mübarizə aparır.

Bu boğaz müharibədə qələbə elan etməsi ilə onun arasında duran yeganə maneə ola bilər.

Tramp artıq boğazdakı vəziyyəti ABŞ-ın problemi deyil, bütün dünyanın problemi kimi təqdim edir. Halbuki o, bundan əvvəl ABŞ-ın boğazda əmin-amanlığı “istənilən halda” təmin edəcəyini deyir və NATO müttəfiqləri, eləcə də Yaponiya və Cənubi Koreya kimi əsas tərəfdaşların dəstəyinə ehtiyac olmadığını vurğulayırdı.

İndi isə o, bu ölkələri yenidən prosesə qoşulmağa çağırır və bəzilərinin tərəddüdünü “qorxaqlıq” adlandırır.

Reallıq budur ki, Hörmüz boğazındakı hər bir gərginlik Washingtondakı yanacaqdoldurma məntəqəsinə necə təsir edirsə, Tokiodakı bir məntəqəyə də eyni şəkildə təsir edir.

Prezident Trampın tonundakı dəyişiklik göstərir ki, o, bu məsələni təkbaşına həll edilə bilməyəcəyini və öz gücü ilə çıxış yolu tapmaqda çətinlik çəkdiyini artıq qəbul edir.

Xamenei: Türkiyə və Omana qarşı hücumlar İran və ya onun müttəfiqləri tərəfindən “törədilməyib”

İranın yeni Ali lideri Möctəba Xamenei cümə günü verdiyi Novruz mesajında bildirib ki, ölkənin müdafiə xətti “düşmənlərin düşündüyündən daha güclüdür” və onların İranın daxili gücünü səhv qiymətləndirdiyini deyib, Türkiyənin Anadolu Agentliyi yazıb.

Agentlik yazır ki, Xamenei müharibənin “düşmənlərin İranda xalq üsyanı yaratmaq ümidləri puça çıxandan sonra” başladığını vurğulayıb.

Xameneinin sözlərinə görə, yüksək rütbəli liderlərə edilən sui-qəsdlərin xalq arasında qorxu yaratmayacağı aydın oldu, çünki iranlılar ölkə üzrə “geniş müdafiə xətti” formalaşdırıblar. O, həmçinin medianı daxili zəiflikləri qabartmamağa çağırıb.

Yeni ilin şüarı olaraq “milli birlik və milli təhlükəsizlik altında müqavimət iqtisadiyyatı” elan edilib.

O həmçinin Türkiyə və Omana qarşı hücumların İran və ya onun müttəfiqləri tərəfindən törədilmədiyini deyib və İsraili İran ilə qonşuları arasında ixtilaf yaratmağa çalışmaqda ittiham edib.

Fevralın 28-də ABŞ və İsrailin İrana birgə hücumları nəticəsində, o cümlədən keçmiş Ali lider Əli Xamenei də daxil olmaqla, təxminən 1 300-dən çox şəxs həlak olub. İran buna cavab olaraq İsrailə, İordaniyaya, İraqa və ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə dron və raket zərbələri endirib. Hücumlar həm tələfat, həm də infrastrukturda ciddi ziyanla yanaşı, qlobal bazarda və aviasiyanın fəaliyyətində müəyyən problemlərə yol açıb.